Xəbərlər

Azərbaycanın şose velosipedi üzrə millisinin üzvü Elçin Əsədov haqqında film çəkilib

30 avqust 2022 213

"Uğurlar - Elçin Əsədov" adlı filminin ssenari müəllifi ssenari müəllifi Zəhra Quliyeva, quruluşçu rejissoru Aslan Qarayevdir. Film Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Evində nümayiş etdirilib.  "Uğurlar - Elçin Əsədov" adlı filminin ssenari müəllifi   Zəhra Quliyeva Elçin Əsədovun dünyanın məşhur velosipedçiləri sırasında olduğunu bildirib: "Hətta deyərdim ki, Əsədov top "25-lik"dədir. Belə idmançını işıqlandırmaq, kütləyə tanıtmaq böyük şərəfdir. Çünki hər bir azərbaycanlı ancaq uğurlu insanları tanımalı, belə insanlar vasitəsiilə özlərinə həyat məqsədi seçməlidir. Bu filmdə əsas məqsədimiz idmançıların keçdiyi ağır həyat yolunu, iki təkər üzərində etdikləri hərəkət hesabına qazandıqları uğuru göstərdik. Elçin Əsədov da rəngarəng və keşməkeşli həyat yolu keçib". 
Elçin Əsədov da duyğularını bölüşüb. O Azərbaycan tarixində ilk dəfə hansısa velosipedçinin həyatı haqqında film çəkildiyini vurğulayıb: " 20 illik karyeram ekran əsəri kimi lentə alınıb. Bunun üçün sevinirəm. Ölkəmizdə idmançıya dəyər verilir. Prezident İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir ki, bütün idman növlərində olduğu kimi velosiped idmanında da irəliləyiş var. Mədət Quliyev federasiya prezidenti olduqdan sonra hər bir idmançının problemi ilə maraqlanıb və onların yalnız idmanı düşünməsinə şərait yaradıb". 
Əsədov çəkiliş prosesinin bir az çətin keçdiyini sözlərinə əlavə edib: "Rejissorumuz yaxşı insandır. Var olsun, onunla işləmək rahat idi. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Bu, gördüyüm işlərə verilən hörmət və dəstəkdir. Hamıya minnətdaram". 


Çingiz Hüseynzadə: Biz bütün idman növlərində qəhrəmanlarımız haqqında film çəkməliyik və xalqa göstərməliyik

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Uğurlar - Elçin Əsədov" adlı filminin nümayişindən sonra jurnalistlərə müsahibə verib. Son dövrlərdə Azərbaycanda bizim ənənəvi sevimli güləş, cüdo idman növləri ilə yanaşı, başqa idman növləri də inkişaf etməyə başlamışdır. Onlardan biri də əlbəttə ki, velosiped idmanıdır. Bu gün tamaşaçılara təqdim olunan film bizim ən yaxşı velosipedçimiz Tokio Olimpiya Oyunlarının iştirakçısı, Şuşa turunun qalibi Elçin Əsədova həsr olunub. deyən Çingiz Hüseynzadə qeyd edib ki, bu film federasiyanın səyi nəticəsində ərsəyə gəlib. “Ümid edirəm ki, belə tədbirlər Azərbaycanda idmanın inkişafına dəstək olacaq. Bütün idman növlərində biz öz qəhrəmanlarımızı çəkməliyik və xalqa göstərməliyik. Bugünkü tədbirə də məhz bu məqsədlə toplaşmışıq. İlk növbədə, mən bu filmi yaradanlara, federasiyanın rəhbərliyinə, filmin qəhrəmanına təşəkkürümü bildirmək istəyirəm.
Ümumiyyətlə, Azərbaycan idmanının inkişafında əməyi olan hər kəsə öz minnətdarlığımı ifadə edirəm. Əminəm ki, belə tədbirlərə bundan sonra biz tez-tez toplaşacağıq”, - deyə o vurğulayıb.