Xəbərlər

Azərbaycanın “Land of Fire” komandası Qarüstü Polo üzrə Dünya kubokunun qalibi oldu!

30 yanvar 2022 915

İsveçrənin Sankt Moritz şəhərində 37-ci Qarüstü Polo üzrə Dünya kubokuna yekun vurulub. Azərbaycan Atçılıq Federasiyasının (ARAF) verdiyi məlumata əsasən, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı “Land of Fire” təmsil edib. Yanvarın 27-də start götürən yarışda komandamız final matçına çıxıb. Öncəki 2 matçda “Perrier Jouet” və “Badrutts Palace” kollektivlərini məğlub edən “Land of Fire” həlledici qarşılaşmada “Clinique La Prairie” ilə üz-üzə gəlib. Oyunu Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev də canlı izləyib. Reqlamentə uyğun şəkildə oyuna yarım xal fərqlə rəqib komanda öndə başlayıb. Lakin prinsipial matçda bütün komponentlərdə rəqibini üstələyən "Land Of Fire" görüşdən 6-2.5 xal hesabı ilə qalib ayrılıb. Beləliklə, azərbaycanlı poloçular ilk dəfə Sankt Mortiz qarüstü polo üzrə dünya çempionu adına sahib çıxıblar. Görüşün ardınca komandamıza kubok və hədiyyələr təqdim edilib. Komandamızın heyətində 4 idmançı yer alıb. Onlardan Elçin Camallı kapitandir, Tito Qaudenzi, Adrian Laplaset və Raul Laplaset "Lans Of Fire"nin üzvləridir. Əlavə edək ki, oyunların keçirildiyi meydana yaxın ərazidə Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana həsr olunmuş çadır quraşdırılmışdır. Milli adət-ənənələrimizə uyğun şəkildə bəzədilən çadırda Odlar Yurdu Azərbaycanın milli mətbəxinin nümunələri, müxtəlif növ şirniyyatlar, Azərbaycanın tarixi arxitekturası, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş olunur.