Xəbərlər

Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək idmançıların vaksinasiyasına başlanıb

16 iyun 2021 22

Azərbaycanı “Tokio-2020” Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və heyət üzvlərinin COVID-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb.

Azərbaycan Milli Olimpiya Komitəsində ilk peyvənd komitənin vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub.

Vaksinasiya prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyətinin üzvləri cəlb olunublar.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə bildirib ki, vaksin vurulmasına əks göstərişi olmayan, Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaqlar. Hazırda təlim-məşq toplanışında olan Olimpiya komandasının üzvləri də mərhələli şəkildə “Tokio-2020”dək peyvənd ediləcəklər. İştirakçı ölkələrdə başlayan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, Atletlər kəndində məskunlaşacaq, Tokio Olimpiya və Paralimpiya oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi Oyunlar başlayana qədər vaksinasiya olunacaq.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə keçirilib. Nəticədə Tokioda Olimpiya Oyunlarının iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılıb.