Xəbərlər

Azərbaycan Velosiped Federasiyası “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsi elan edib

07 iyun 2022 246

Azərbaycan Velosiped Federasiyası (AVF) son illər fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, federasiyanın gördüyü işlər, əldə etdiyi nailiyyətlər və həyata keçirdiyi çoxsaylı layihələr artıq bəhrəsini verir.
Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, , Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq AVF-nin üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulub. Bu məqsədlə, AVF yarandığı ilk gündən respublikada velosiped idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləyib, belə idman məktəblərinin regionlarda da açılmasını qarşıya məqsəd qoyub. 
Hazırda velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, Sumqayıt Velosiped İdman Klubunda, 7 saylı İdman Olimpiya Məktəbində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, İsmayıllı və Şamaxi rayonlarında inkişaf etdirilir. AVF ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir. 
Azərbaycan Velosiped Federasiyası “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsi elan edir. “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinin təşkilində əsas məqsəd ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması, eləcə də velosipedçi idmançılara müxtəlif yarışlarda, dünya və Avropa çempionatında, Olimpiya Oyunlarında uğur qazanmaq, onların idman karyerasına dəstək üçün yaradıcı potensialı olan hər bir kəsi cəlb etməklə mövzu baxımından velosiped idmanı ilə bağlı rəsm əsərlərinin yaradılmasına stimul verməkdir. 
Müsabiqəyə təqdim olunmuş rəsmlər ideya müxtəlifliyi, kreativlik və texniki meyarlar üzrə qiymətləndiriləcək. 
Tanınmış rəssamlar, sənətşünaslar və mütəxəssislərdən ibarət yaradılan münsiflər heyəti tərəfindən müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq üç əsas və 3 həvəsləndirici qalib seçiləcək. 
Müsabiqəyə rəsm əsərləri 2022-ci il iyunun 3-dən sentyabrın 30-dək qəbul olunur. 
İştirakçılar tərəfindən rəsm əsərləri müsabiqəyə birbaşa və ya poçt vasitəsi ilə təqdim olunmalıdır.