Xəbərlər

Azərbaycan Velosiped Federasiyası daha bir ilkə imza atıb

01 sentyabr 2022 433

AVF-də Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə aidiyyəti dövlət qurumları tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına daim xüsusi diqqət və qayğı göstərilir. Müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatının daha da gücləndirilməsi, sağlamlıqlarının bərpası, ölkənin tərəqqisində yaxından iştirakları üçün hərtərəfli imkan yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Belə tədbirlərə yaxından dəstək verən, hər zaman ictimaiyyətdə rəğbətlə qarşılanan fərqli layihələri ilə seçilən Azərbaycan Velosiped Federasiyası (AVF) daha bir yeniliyə imza atıb. Qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətlər göstərmiş qazilərin və müharibə iştirakçılarının fiziki reabilitasiyası, idmanla məşğul olmaları, eləcə də bu fədakar və iradəli insanların təcəssümündə cəmiyyətdə sağlam həyat tərzinin təbliği məqsədilə Federasiya rəhbərliyinin qərarına əsasən AVF-də Qazilərlə iş bölməsi yaradılıb.

Bölməyə ictimai əsaslarla rəhbərlik Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevə həvalə olunub.

Yeni struktur bölmə qazilər və müharibə iştirakçıları ilə yaxından əməkdaşlıq edəcək, onların AVF-nin imkanlarından geniş bəhrələnərək velosiped idmanı ilə məşğul olmaları, həmçinin fiziki sağlamlıqlarının bərpası, asudə vaxtlarının səmərəli təşkili üçün yarışlar, yürüşlər və s. tədbirlər keçirəcəkdir.

İlk belə tədbir olaraq şəhidlərin xatirəsinə həsr edilmiş 27 sentyabr - Anım Günü ərəfəsində qazilərin velosiped yürüşünün keçirilməsi nəzərdə tutulur.

http://azvif.az/news/1829