Xəbərlər

Azərbaycan Şahmat Federasiyası “Tarixi görüşün izi ilə” adlı layihəsini təqdim edib

10 may 2022 258

Azərbaycan Şahmat Federasiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Tarixi görüşün izi ilə” adlı layihəsini təqdim edib. Ümummilli lider Heydər Əliyev şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb, Azərbaycanın hər yerində şahmat məktəblərinin açılması, yeni istedadların aşkarlanmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb.
Federasiyanın mətbuat xidmətindən MOK-a bildiriblər ki, “Tarixi görüşün izi ilə” layihəsində 1998-ci ildə ümummilli lider Heydər Əliyevin şahmatçılarla görüşünün xatirələri öz əksini tapıb. Tarixi görüşün iştirakçıları Ulu Öndərlə görüş barədə xatirələrini bölüşüblər.
1998-ci ildə 10 yaşı olan üçqat Avropa çempionu Rauf Məmmədov həmin görüşü belə xatırlayır: “Tarixi görüş 1998-ci ilin qış aylarına təsadüf etmişdi. Mənim 10 yaşım var idi, indi 34 yaşım var. Heç vaxt belə aura hiss etməmişdim. Ulu Öndər medalıma diqqətlə baxdı, hansı yarışda qazandığımı soruşdu. 1998-ci ildə balaca uşaqları qəbul etməsi həyatımızda böyük iz buraxdı. Biz milli komanda olaraq 3 dəfə Avropa çempionu olduq, həmin görüşdə iştirak edən Teymur Rəcəbov və Vüqar Həşimov uzun illər dünya reytinqində ilk onluqda qərarlaşdılar. Teymur dünya kubokunu qazandı. Təsəvvür edin, həmin 4 uşaq 20 ildən çox Azərbaycan yığmasında çıxış etdi, böyük qələbələrə nail oldu.
Bu böyük fəxrdir. Ölkə prezidenti Heydər Əliyev kimi böyük insan səni qəbul edir. Bu görüş idmançılarda böyük ruh yaratdı. Görüşün səhəri bütün qəzetlər bizim haqqımızda yazmışdı. Məhəllədə “Sən Heydər Əliyevlə görüşmüsən?”, - deyə soruşurdular. Evdə böyük sevinc yaşanmışdı. O görüş olmasaydı, mən bəlkə də üçqat Avropa çempionu olmazdım, 20 ildən çox yığmada çıxış etməzdim”.
Üçqat Avropa çempionu Qədir Hüseynov həmin görüşü hər zaman yada saldığını bildirib: “Ulu Öndərlə görüş uşaqlar üçün böyük mənəvi dəstək idi. Gözəl xatirələrimiz var. O görüş hər zaman yaddaşımızdadır. Bu görüş təkcə bizim deyil, bütün şahmatçıların inkişafında böyük rol oynadı. Məsələn, Şəhriyar Məmmədyarov söyləmişdi ki, həmin görüşdən sonra üzərində daha çox işləməyə başladı. Gün ərzində 7-8 saat işləyirdi ki, gələcəkdə elə görüşlərə dəvət alsın. Ulu Öndər olmasaydı Harri Kasparov kimi dünya çempionu olmazdı. Onun köməyi olmadan o, şahmatçı kimi inkişaf etməzdi”.
Avropa çempionu Vüqar Həşimov mətbuata müsahibəsində hər zaman ümummilli lider Heydər Əliyevlə görüşü xüsusilə qeyd edib: “Ümummilli lider Heydər Əliyevlə görüşü həmişə xatırlayıram. O vaxt mən uşaq idim. Heydər Əliyevlə görüş böyük əhəmiyyətə malik idi, həmin qəbul gələcək karyerama böyük təsir etdi”.
Üçqat Avropa çempionu, dünya kubokunun qalibi Teymur Rəcəbov tarixi görüş barədə bunları dedi: “Çox yaxşı xatırlayıram. 1998-ci ildə beynəlxalq arenada ilk uğurlarını qazanan şahmatçılar üçün böyük şərəf oldu. Dahi insanla görüşdük. Görüşdən əvvəl həyəcanlı idik. Uşaqlarla qəbulda hansı sözləri deyəcəyimizi məşq edirdik. Çox həyəcanlı idik. Həmin görüşdən ən yaxşı xatirələrim var. Böyük motivasiya oldu. Gələcək uğurlarımız üçün böyük ruh yüksəkliyi əldə etdik. Dövlət başçısı ilə, Heydər Əliyev kimi bir insanla görüşmək böyük şərəfdir”.
Həmin görüşün iştirakçısı Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, “Şöhrət” ordeninə layiq görülən Faiq Həsənov ümummilli lider Heydər Əliyevin şahmatçıların inkişafında böyük rol oynadığını deyib: “Çətin dövrə baxmayaraq Azərbaycanın şahmat gələcəyi olan uşaqlarla görüşməyi yaddan çıxarmadı. Ata kimi nəsihət verdi. Söylədi ki, siz bizim şahmatın gələcəyisiniz. Doğurdan da belə oldu. Şahmatımızın gələcəyi görüşdə iştirak edən Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov oldu. Sonradan onlara Şəhriyar Məmmədyarov qoşuldu. Heydər Əliyev həmin görüşdən sonra onların hazırlığı ilə bağlı mühüm tapşırıqlarını verdi”.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan şahmatının inkişafında misilsiz rolu olduğunu qeyd edib: “70-ci illərin əvvəlində Heydər Əliyevin şahmat məktəblərinin inşa olunması ilə bağlı göstərişləri var idi və bu, həyata keçirildi. Bu inkişafın nəticəsi kimi 90-ci illərin əvvəlində istedadlı şahmat nəsli formalaşdı. Həmin şahmat nəslinin parlaq nümayəndələrini 1998-ci ildə ümummilli lider Heydər Əliyev şəxsən qəbul etdi.
Üç dəfə Avropa çempionu Teymurun, Vüqarın silsilə qələbələri, sonradan onlara qoşulan Şəhriyar Məmmədyarovun uğurları, Teymur Rəcəbovun dünya kubokundakı qələbəsi, Şəhriyar Məmmədyarovun rapid üzrə dünya çempionluğu... O görüş nəinki 4 gəncin şahmat taleyini, Azərbaycan şahmatının taleyini uzun illər öncədən müəyyən etdi. Ulu Öndər Teymur Rəcəbov və digər gənclərin gələcək inkişafını fikirləşərək bir çox mühüm qərarlar verib”.