Azərbaycan millisi Ərzurumda təlim-məşq toplanışı keçəcək
31 mart 2022 1001
Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi Avropa birinciliyinə hazırlıq məqsədilə martın 7-də Bakıda start götürən təlim-məşq toplanışının ilkin mərhələsini başa vurub. Bu gün Boks Mərkəzində son məşqinə çıxan komandamız hazırlığı Türkiyənin Ərzurum şəhərində yekunlaşdıracaq.
Boksçularımız səfərə aprelin 2-də yollanacaqlar. Milli Ərzurumda Türkiyə yığması ilə birgə təlim-məşq toplanışı keçəcək və bu, ayın 10-dək davam edəcək. Aprelin 11-də isə komandamız qardaş ölkədən Avropa birinciliyinin təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək.
Yığmanın baş məşqçisi Elbrus Rzayevin sözlərinə görə, qitə birinciliyində Azərbaycanın idman şərəfini qoruyacaq boksçuların adlarına hazırlıq bitdikdən sonra aydınlıq gələcək. O, fiziki və texniki-taktiki çalışmaların, demək olar ki, yekunlaşdığını, Ərzurumda isə daha çox fərdi məşqlərə üstünlük verəcəyini deyib: “Məşqlərimiz yüksək səviyyədə keçib. 50-dək boksçu arasında seçim etmişik. Avropa birinciliyində tam heyətlə – 13 boksçu ilə təmsil olunacağıq. Lakin bəzi çəki dərəcələrində yekun qərarı hələlik verməmişik. Boksçuların adları Türkiyədəki toplanışdan sonra dəqiqləşəcək. Ərzurumda gündə 2, bəzi günlərdə 1 dəfə məşq edəcəyik. Orada əsas diqqət fərdi hazırlığa yönələcək. Həmçinin sınaq döyüşləri də keçirib, bir daha taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. Hədəfimiz Avropa birinciliyində uğurlu çıxış və inamlı qələbələrdir”.
Qeyd edək ki, Avropa birinciliyi aprelin 13-22-də olacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı