Xəbərlər

Azərbaycan idmançıları Meksikada təlim-məşq toplanışı keçə bilər

22 fevral 2022 218

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini ilə görüşüb.
MOK-un mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ç.Hüseynzadə Azərbaycanın Olimpiya tarixi haqda səfirə məlumat verib.
Prezident İlham Əliyevin MOK-a rəhbərlik etməsinin Azərbaycanın beynəlxalq Olimpiya hərəkatında mövqeyinin güclənməsinə və ölkəmizdə idmanının inkişafına səbəb olduğunu deyən Ç.Hüseynzadə bu il 30 illik yubileyini qeyd edən MOK-un beynəlxalq Olimpiya hərəkatındakı əhəmiyyətli mövqeyini nümayiş etdirən məqamlara toxunub.
Diplomat Meksika ilə Azərbaycan arasında imzalanan və elm, mədəniyyət, təhsil, idman, gənclər sahələrini əhatə edən hökumətlərarası sazişi xatırladıb və bu sənəd əsasında görülən işlərdən danışıb.
İdmançıların hər iki ölkədə təlim-məşq toplanışlarına qatılmalarını təklif edən səfir Meksika atletlərinin taekvondo, boks və suyatullanma, Azərbaycan idmançılarının isə güləş, gimnastika, atletika və digər idman növləri üzrə təcrübə mübadiləsi aparmalarının da əməkdaşlığa töhfə verəcəyini bildirib.
Söhbət zamanı idman sahəsində uzun illərə əsaslanan əməkdaşlığın inkişafına xidmət edəcək məsələlər müzakirə olunub, əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.