Xəbərlər

Avropa üçüncüsü olan millimiz Vətənə qayıdıb

11 mart 2022 824

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında 6 idmançıyla qatılan yığmamız 5 medal qazanıb. Bu, güləşin bu növündə U-23 Avropa çempionatlarında medal sayına görə rekord göstəricidir.

Martın 11-də səhər saatlarında komandamız vətənə qayıdıb. Millini Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların yaxınları, məşqçilər və digər yığma üzvləri qarşılayıb.

Avropa çempionu Nihat Məmmədli qələbəsini belə şərh edib:
"Məqsədim Avropa çempionu olmaq idi. Görüşlərim rahat keçdi. Finala çox yaxşı hazırlaşmışdım. Qarşıya qoyduğum məqsədə çatdım. Növbəti hədəfim gənclərin Avropa çempionatında da qızıl medal qazanmaqdır".

Ölkəmizə cari yarışda ilk qızıl medalı qazandıran Xasay Həsənli bunları deyib:
"Bu yarışa hazırlıq yanvarda Gürcüstanda keçirilən təlim-məşq toplanışıyla başladı. Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Yarımfinal görüşüm daha çətin keçdi. Millidə çalışan məşqçilərimizə və şəxsi məşqçimə təşəkkürümü bildirirəm. Bu nəticəni böyüklər arasında da təkrarlamağa çalışacağam".

Millinin məşqçisi Həsən Əliyevin yarışla bağlı fikirləri isə belə olub:
"Bütün güləş ailəsini və qələbəmizə sevinən hər kəsi təbrik edirəm. Bu yarışa tam heyətlə yollanmadıq. İki çəkidə yer alan güləşçilərimiz böyüklərin Avropa çempionatına hazırlaşdığı üçün Plovdivə aparmadıq. Bəzi çəkilərdə isə zədə problemiylə üzləşdik. Daha 3-4 medal qazana bilərdik. Altı çəkidən beşində medal qazanmaq böyük uğurdur. Bu nəticələr idmançıları daha da həvəsləndirəcək. Məşqçilər olaraq əlimizdən gələni edirik ki, güləşçilərimiz belə yüksək nəticələrə imza atsınlar".

Xatırladaq ki, AÇ-də Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.