Xəbərlər

Avropa Gəncləri Qış Olimpiya Festivalı başa çatdı

30 yanvar 2023 393

14 yaşlı azərbaycanlı idmançının arzusu həyata keçdi 
Xəbər verdiyimiz kimi, yanvarın 21-dən 28-nə qədər İtaliyanın Friuli Venesiya Culiya muxtar vilayətində Avropa Gəncləri Qış Olimpiya Festivalı keçirilib. Festivalın açılış mərasimi Trieste şəhərinin "Piazza Unita D Italia” mərkəzi meydanında, açıq havada keçirilib. Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev iştirak ediblər. Şef de-mission Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin üzvləri paraddan keçib. 
Paradda 14 idman növü üzrə yarışlarda iştirak edən 2300 yeniyetmə idmançı təmsil olunub. 
Yarışların proqramına 14 idman növü (dağ xizəyi, biatlon, xizək yürüşü, kerlinq, fiqurlu konkisürmə, fristayl, snoubord, hokkey, xizəy ikinövçülüyü, şort-trek, tramplindən xizəklə tullanma, xizək alpinizmi, xizək və snoubord krossu) salınıb. Proqrama salınan yarışların bəziləri qonşu ölkələrdə təşkil olunub. Hokkey yarışlarına Avstriya ev sahibliyi edib. Xizək ikinövçülüyü və tramplindən xizəklə tullanma yarışları isə Sloveniya ərazisində keçirilib. 8 gün davam edən yarışda ölkəmiz fiqurlu konkisürmə üzrə komandamızın üzvü, 14 yaşlı Səbinə Əliyeva ilə təmsil olunub. İdmançımız ilk çıxışını qısa proqramda edib və hakimlərdən 45,27 xal alıb. S.Əliyeva bu nəticə ilə 30 ölkənin iştirakçısı arasında 10-cu yeri tutub. Fiqurlu konkisürənimizin növbəti çıxışı yanvarın 27-də sərbəst proqramda olub. İdmançımız bu dəfə 116,38 xal toplayaraq, 30 iştirakçı arasında 15-ci yerlə kifayətlənib. 
Yekun nəticələrə əsasən festivalda medal sayına görə İtaliya, medalların əyarına görə isə Fransa idmançıları ilk yerləri bölüşüblər. İsveçrə və Avstriya isə ən yaxşı nəticə göstərən komandalar sırasında yer alıblar. Festivalda cəmi 23 ölkənin təmsilçiləri 177 medalı öz arlarında bölüşüblər.       
Vətənpərvər idmançıya  xoş xəbər verilib. 
Rusiyanın Vladivostok şəhərində azərbaycanlı ailəsində anadan olan Səbinə Əliyeva fiqurlu konkisürmədən əvvəl bal rəqsləri ilə məşğul olub. Bir müddət sonra Rusiyanın tanınmış məşqçilərindən biri olan İqor Yefremov Səbinənin valideynlərinə bildirib ki, övladlarını fiqurlu konkisürmə məşqlərinə yazdırsınlar. O, bildirib ki, bu istedadlı uşağın böyük və parlaq gələcəyi var. Bu məsləhət balaca həmyerlimizin idman karyerasında yeni bir səhifə açıb. Artıq 4 yaşından etibarən o, buz üzərində məşqlərə başlayıb. Anası Nərmin xanımın yerli mətbuata verdiyi müsahibədə qeyd olunur ki, Səbinə bu idman növünü tezliklə sevməyə başlayıb. Xoreoqrafiya və balet balaca qızın köməyinə çatıb. Valideynlərinin səyləri nəticəsində 3 illik gərgin məşqlərdən sonra Səbinə hakimlər tərəfindən perspektivli idmançı kimi diqqət mərkəzinə düşüb. Əvvəlcə Rusiyada keçirilən yarışlarda mükafatlayiq nəticələr göstərən yeniyetmə fiqurlu konkirsürənimiz bir sıra beynəlxalq yarışlarda qüvvəsini sınayıb. 11 yaşında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda beşinci yerə layiq görülüb. Türkiyənin İstanbul şəhərində qısa proqramda bürünc mükafat əldə edib. Bundan başqa İtaliya və Latviyada keçirilən yarışlarda da iştirak edib. Anası Nərmin xanım bildirir ki, o vətənini çox sevir. Məşqçisi bildirib ki, o yarışlarda Azərbaycan bayrağına böyük ehtiramla yanaşır. Valideynlərinin arzusu və istəyi tezliklə həyata keçib. Belə ki, Azərbaycan Qış İdman növləri Federasiyasından onlara xoş xəbər verilib. Belə ki, səhhətində yaranan problemlə əlaqədar idmançı karyerasını bitirmiş Azərbaycan təmsilçisi Yekaterina Ryabovanı Səbinə Əliyeva əvəzləyib. İtaliyada keçirilən yarış təmsilçimiz üçün böyük idman təcrübəsi olub. 
 Qış Olimpiya çempionlarının ilk sınağı  festivallardan başlayıb 
Sayca 16-cı dəfə keçirilən bu festivalın tarixi ötən əsrin sonlarına təsadüf edir. Qitənin gənc idmançılarının bir yarışda mübarizə aparması ideyası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Jak Roqq tərəfindən irəli sürülmüşdü. BOK-un mərhum rəhbəri bu barədə deyirdi: "Bu cür yarışların keçirilməsi avropalı yeniyetmələrin karyerasında yeni bir təkan yaradacaq. Məhz bu festivallardakı nailiyyətlər onları böyük idmana həvəsləndirəcək”. Doğrudan da BOK rəhbərinin bu dedikləri bir müddətdən sonra özünü sübut etdi. Bu yaş kateqoriyası üzrə Qış Olimpiya Festivalında iştirak edən dağ xizəyçiləri Anya Person (İsveç) və Yaniça Kosteliç (Xorvatiya), xizəkçilər Dario Kolonya (İsveçrə), Marit Byorqen (Norveç) və Lina Andersson (İsveç), fiqurlu konkisürən Xavyer Ernandes (İspaniya), tramplindən tullanan Martin Kox (Avstriya), ikinövçü Ceyson Lami-Şappuyi (Fransa) bir vaxtlar festivallarda iştirak edib, sonradan böyük yarışların və olimpiadaların ulduz idmançılarına çevriliblər. Mütəxəssislərin fikrincə, istər yay, istərsə də qış Olimpiya festivallarında iştirak edən edən idmançılar gələcəkdə böyük perspektiv vəd edirlər. 
Məlumat üçün bildirək ki, ilk dəfə bu festival 1993-cü ildə İtaliyanın Aosta şəhərində keçirilib. İki il fərqlə sonradan Andorra və İsveç yarışlara ev sahibliyi edib. 1999-cu ildə yarışın adı dəyişib. Belə ki, həmin ilə qədər qış idman növü üzrə qitə yarışı Avropa Yeniyetmələrinin Olimpiya Günləri adlandırılırdı.