Xəbərlər

Athletes met at Baku Tennis Academy to celebrate the Opening Ceremony of Baku 2

23 iyul 2018 327

Bu gün Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyası, dəstəyi, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatının açılış mərasimi keçirilmişdir.

Rəsmi açılış mərasimində İslam Həmrəylik İdman Federasiyasının baş katibi Mohammed Saleh AL-GARNAS, Azərbaycan Respubllikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Bakı 2018 Yerli Əməliyyat Komitəsinin sədri Çingiz Hüseynzadə və digər rəsmilər iştirak etmişdir.

Tədbir iştirakçıların paradı ilə başlamışdır. Olimpiya Himni altında 15 iştirakçı ölkənin bayrağı Milii Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını izləyərək səhnəyə dəvət almışdılar. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirin giriş sözünü açan Çingiz Hüseynzadə belə uğurlu layihələrin gənclər arasında Olimpiya və İslam dəyərlərini təşviq etməsindəki böyük rolunu vurğuladı: “Bu Çempionat 2017-ci ildə Bakıda təşkil edilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının irsi çərçivəsində keçirilir. Sevindirici haldır ki, bu Çempionat həm də gələn il Bakının evsahibliyi edəcəyi Yeniyetmələrin Avropa Festivalının ilk test tədbiridir. Onu da vurğulamaq istərdim ki, bu Çempionat bir neçə gün bundan əvvəl Yeniyetmələrin Avropa Festivalının qeyd etdiyimiz bir illiyinə təsadüf edir. 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatının təşkilində bizə dəstək olan, Yerli Əməliyyat Komitəsinin işində fəal iştirak edən Azərbaycan Tennis Federasiyasına, Tennis Akademiyasına, Milli Olimpiya Komitəsinin Məğrur Tərəfdaşlarına dərin minnətdarlığımı bildirirəm.”

Daha sonra Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana olan maraq və inkişafdan danışdı: Ölkəmiz irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir və Azərbaycan beynəlxalq idman qurumları tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Ötən il təşkil olunan IV İslam Həmrəyliyi Oyunları da bu uğurlu silsilənin davamı oldu. Ölkəmizdə beynəlxalq idman yarışları təkcə paytaxtda deyil, regionlarda da keçirilərək ölkədə idmanın kütləviləşməsinə yeni imkanlar açır.”

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Mohammed S. Al Garnas belə yarışların keçirilməsinin əhəmiyyətindən danışdı: “İdman insanları- idmançı və azarkeşləri birləşdirən bir dildir. 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatı irq, din və milliyətindən asılı olmayaraq hər kəsi birləşdirəcək. Mən tədbiri həyata keçirdiyinə görə Yerli Əməliyyat Komitəsinə, MOK, GİN və digər qurumlara minnətdarlığımı bildirmək istəyirəm.”

 

Xatırladaq ki, 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyası arasında 19 aprel 2018-ci ildə imzalanmış Əməkdaşlıq haqda Memoranduma əsasən təşkil edilir. Memorandumun əsas məqsəd Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idman və mədəniyyət irsi çərçivəsində Azərbaycanda müvafiq sahədə müxtəlif tədbirlər və yarışlar təşkil etməkdir. Beynəlxalq Həmrəylik Tennis Çempionatında 15 ölkədən 100-ə yaxın idmançı iştirak edir. Hər bir ölkəni 3-5 nəfərdən ibarət komanda təmsil edir. Yarışlar kişilər tək, qadınlar tək, kişilər cüt, qadınlar cüt olmaqla keçirilir. Yarışda 14 və daha yüksək yaş kateqoriyalı idmançılar iştirak etmək hüququna malikdir. Yarışlar Bakı Tennis Akademiyasında 23 iyul 2018-ci il tarixində başlayıb 5 gün davam edəcəkdir. Final yarışlar 27 iyulda baş tutacaq və həmin gün çempionata yekun vurulacaqdır.

Çempionatın tərəfdaşları Azərbaycan Tennis Federasiyası, AZƏRTAC informasiya agentliyi, Bakı Tennis Akademiyası, “Bir” tələbə könüllü təşkilatı, “Coca-cola” şirkəti, İdman Azərbaycan kanalı, “Toyota Qafqaz” şirkətidir.