Xəbərlər

8 Noyabr - Zəfər Gününə həsr olunmuş motokross üzrə klub yarışı keçirilib

05 noyabr 2022 822

Noyabrın 5-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş motokross üzrə klub yarışı keçirilib.

 

Yasamal rayonu ərazisində  motokross üzrə yeni inşa edilmiş Motokross Parkında keçirilən idman yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva iştirak ediblər.

 

Yarışda MSN-in Motosiklet İdman Klubu, MXC Motoməktəb və “MotoMondo” klubunun 10 idmançısı təmsil olunub.

 

İdmançılar 2 kateqoriyada mübarizə aparıblar. Gənclər sinfində (125 cc) yarışan idmançılar arasında Camal Babayev (MXC Motoməktəb) birinci yerə layiq görülüb. Şahin Ağasiyev (MSN-in Motosiklet İdman Klubu) ikinci, Emin Tağıyev (“MotoMondo” klubu) üçüncü yerlə kifayətləniblər. Kişilər arasında (250 cc) mübarizə aparan idmançılardan Sabir Babayev qızıl (MXC Motoməktəb), onun ən yaxın izləyicisi Vaqif Əhmədov (“MotoMondo” klubu)  gümüş, Oleq Kuliyev (MSN-in Motosiklet İdman Klubu) isə bürünc medalın sahibi olub.

 

Qaliblər medal, diplom və kubokla təltif olunublar.

 

Digər xəbərlər