Xəbərlər

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

05 mart 2022 430

Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. 
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. 
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. 
İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir. 
İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatına, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi. 
2022-ci ildə də ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi etməyə davam edəcək. Gimnastika üzrə dünya kubokları, həmçinin dünya çempionatları, Formula-1 Azərbaycan Qran-Prisi, cüdo və güləş üzrə beynəlxalq yarışlar Bakıda keçiriləcək. 
Prezident İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. Belə bir ildə böyük idmanın Qarabağa qayıdışı yolunda ilkin addımların atılacağına əminik. Bu istiqamətdə ilk addım isə Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşası olacaq. Bu il daha məsuliyyətli və idman yarışları ilə zəngin ildir. İnanırıq ki, bu il idmanın bütün istiqamətlərində uğur qazanacağıq. 2022-ci ildə biz birlikdə daha güclü olduğumuzu yarış meydanlarında da sübut edəcəyik.