Xəbərlər

Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman

24 avqust 2020 1677

Qarabağ qazisi İlham Zəkiyev insan iradəsinin sərhəd tanımadığını bütün dünyaya nümayiş etdirir

Cüdoçularımız “London 2012” Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Antalyada olarkən, iki dünya şöhrətli azərbaycanlı tatami ustasının iştirakı ilə baş verən bir əhvalat idmançılar arasında kifayət qədər məşhurdur. Belə ki, adət üzrə, olimpiyaçılarla birgə təlim-məşq toplanışında iştirak edən paralimpiya çempionu İlham Zəkiyev yorucu məşqdən sonra birbaşa köməkçisi ilə birgə qaldığı otel otağına çıxaraq, istirahət edirmiş. Uzun müddət ondan səs-soraq çıxmamasından narahatlıq keçirən heyətin həmişə şən üzvü Elnur Məmmədli, məşq yoldaşının kefini açmaq niyyəti ilə yuxarı qalxıb, otağın zəngini sıxır. Qapının İlhamın elə özü tərəfindən açıldığını, üstəlik, içərinin işıqsız olduğunu gördükdə, olimpiya çempionu təəccübünü boğa bilməyərək, soruşur:

– Ay İlham, axı, qaranlıqda qapını necə açdın?

– Mən qaranlıqda iki olimpiada udmuşam, qardaş, sən isə bir qapının açılmasına təəccüblənirsən…

İkiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, “Bakı 2015” ilk Avropa Oyunlarının qalibi, dünya kubokunun və digər irili-xırdalı mükafatların sahibi, sevənləri, onunla qürur duyan hər kəs üçün isə sadəcə, İlham Zəkiyev. Zirvənin yolunu gözüyumulu tapan Qarabağ qazisi. Həyat hekayəsi ilə yeddidən yetmiş yeddiyədək hamıya örnək olacaq idmançı axtarışında ən yaxın ünvanımız elə odur.

Güləş, sambo və cüdo

1980-ci il, mart ayının 3-də gənclik və idman şəhəri Sumqayıtda, zavod fəhləsi Əzizağa Zəkiyevin ailəsində doğulan İlham, 4 qardaşın ən kiçiyi idi. Nə ailədə, nə də yaxın qohumları arasında vaxtilə hansısa növ üzrə ciddi idman təcrübəsi yaşayıb müəyyən məqamadək yüksələn biri olmasa da, onun döyüş növlərinə maraq göstərməsi tam təbiidir. Axı, İlhamın boya-başa çatdığı Sumqayıtda idmanın şahı futbolla yanaşı, güləş, cüdo, karate və s. kimi təkmübarizəli növlər də daim çox populyar olub. Üstəlik, özündən 3 yaş böyük qardaşı Fikrət bir neçə il idi ki, güləşə gedirdi. İlham elə ondan ruhlanaraq, 12 yaşında milli idman növü ilə məşğul olan saysız-hesabsız uşaqların sırasına qoşulur. Üç ilə yaxın sərbəst güləş məşqlərinə gedən Zəkiyev, məşqçisinin ölkəni tərk etməsindən sonra Azərbaycan idmanında məşhur Rəcəblilər nəslinin ağsaqqalı Əhməddin Rəcəblinin yanında cüdo məşqlərinə yazılmaq qərarına gəlir. Paralel olaraq samboda da qüvvəsini sınayır. Hər iki növdə şəhər və ölkə birinciliklərinin mükafatçısı olur.

Prezidentin mühafizə xidmətində çalışmaq arzusu

Öyrəşmişik ki, idmançılar təhsili idmana qurban versinlər. Ancaq İlham orta məktəb müəllimlərinin də yaddaşında aktiv şagird kimi qalıb. 5 saylı məktəbin rus bölməsində təhsil alan Zəkiyev, xüsusən coğrafiya, riyaziyyat, dil və ədəbiyyatı yaxşı qiymətlərlə oxuyub.

Təşkilatçılıq bacarığı ilə də ön plana çıxan universal şagird, coğrafi obyektləri xəritədə gözübağlı tapması ilə hamını heyrətləndirər, üstəlik, rəssamlıq qabiliyyəti ilə diqqətləri üzərinə çəkərdi. Döyüş filmlərinin Jan-Klod Van Damm, Arnold Şvartsenegger kimi ulduzlarının portret-rəsmlərini çəkmək yeniyetmə Zəkiyevin əsas hobbisi idi.

Peşə seçimi isə artıq edilmişdi; Prezidentin mühafizə xidmətində çalışmaq arzusu ilə yaşayan İlham, Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirdi.

Məktəbi bitirdikdən sonra sənədlərini ADBTİA-ya versə də, qabiliyyətdən məqbul qiymət ala bilmir.

Beləcə, əsgərlik vaxtı yetişir.

Düşmən gülləsi…

“Kəşfiyyat taboruna seçim vaxtı generalın diqqətini ilk mən çəkdim”- deyir, Zəkiyev: “O vaxt boyum 1.87 metr, çəkim 94 kiloqram idi. Kəşfiyyat taboruna seçim vaxtı korpus komandirinin diqqətini ilk mən çəkdim. Mənə yaxınlaşıb, hansı idman növü ilə məşğul olduğumu öyrəndikdən sonra sual verdi ki, kəşfiyyatda qulluq etməyə hazırsanmı? Tərəddüd etmədən “bəli” dedim.

Uğurlu əməliyyatlarımız oldu, nümunəvi xidmətə görə fəxri fərmanla təltif edildim. 1999-cu ilin 4 fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirərkən isə düşmən snayperinin gülləsinə tuş gəldim. 7,62 kalibr güllə sol gicgahımdan girib, sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində qaldım. Ayılacağıma ümid yox idi. Həkimlər yaxınlarıma tezliklə öləcəyimi deyirdilər. Anamın səsinə ayıldım. Ümumilikdə 41 gün çəkən müalicələrdən sonra evə buraxıldım. Tam görmə məhdudiyyətli I qrup Qarabağ əlili kimi”.

Misilsiz iradə!

Çətindir, əlbəttə. Sənin sadəcə 19 yaşın var, arzular çox, bitib-tükənməz, fiziki durum isə bir o dərəcədə – ən sadə diləkləri də həyata keçirməyə imkan verməyəcək qədər – məhdud. Belə vəziyyət nəinki çox cavan, hətta lap yaşlı birinin də psixologiyasını alt-üst edib, onu həyatdan tamamilə soyudardı…

Məşhur “həyat mübarizədir” devizini rəhbər tutan İlham, həyatın ağır sınağı qarşısında bir an belə, əyilmir. Səbr və inamla yaşamına davam edir. Dostlarının dediyinə görə, yanına könlünü ovutmaq məqsədi ilə gələn bütün yaxınlarına “hər şey yaxşı olacaq” deyə, özü təskinlik verirdi.

Beləcə, üç ilini müalicə-bərpa proseslərinə həsr edən İlham, 2002-ci ilin noyabrında böyük idmana dönür. Yenidən Əhməddin Rəcəblinin başçılığı altında çıxdığı bu yol, onu, 1 il 10 ay sonra paralimpiya zirvəsinə daşıyacaqdı…

Paralimpiyaçıların dostu olan Azərbaycan Prezidenti

Bu yerdə haşiyə çıxaraq qeyd edək ki, müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Almaniyalı neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən milyonlarla insanı ətrafına toplamaqdadır. Dəyərlər Azərbaycanda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi altı Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar.

Əlbəttə, hər bir nailiyyətin əsasında Azərbaycan dövlətinin idmana, o cümlədən paralimpiya hərəkatına göstərdiyi yüksək dəstək, qayğı dayanır. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev fiziki məhdudiyyətli idmançılarımızla görüşlərində dəfələrlə “Mən paralimpiyaçıların dostuyam” fikrini dilə gətirib.

5 dəqiqə 29 saniyəyə iki olimpiya zirvəsi!

Azərbaycanda paralimpiya hərəkatının ən önəmli ilkləri məhz Zəkiyevin adı ilə bağlıdır.

Belə ki, Kuba, İspaniya və Böyük Britaniyadan olan cüdoçularla görüşlərə 179 saniyə vaxt sərf edib, onlara xal belə, vermədən “Afina 2004″ün qalibi olan 24 yaşlı Zəkiyev, tarixə ilk paralimpiya çempionumuz kimi düşüb.

Növbəti olimpiya zirvəsini fəth etmək üçün isə ona cəmi 2 dəqiqə 30 saniyə vaxt lazım olur. Fransalı Jülyen Torinye Qarabağ qazimizin qarşısında sadəcə 5, Cənubi Koreya təmsilçisi 105, ev sahibi Vanq Sonq isə 40 saniyə duruş gətirir.

Bir ay əvvəl Elnur Məmmədlinin fantastik şousu ilə lərzəyə gələn Pekin Elm və Texnologiya Universitetinin idman salonunun tribunaları, daha bir igid Azərbaycan oğlunun möhtəşəm qələbəsini ayaq üstündə alqışlayırdı.

Bunlar adi çempionluqlar deyildi; insan iradəsinin böyük təntənəsi, mənəvi işığın zülmət üzərindəki parlaq zəfəri idi.

İlham Zəkiyev insan potensialının sərhəd tanımadığını – hər kəsin istəyərsə, hər şeyə nail ola biləcəyini bir daha nümayiş etdirən şəxsdir.

Dünya cüdosunun şərəf zalında ilk və tək

Son olaraq vurğulamağı vacib bilirik ki, sonrakı illərdə dünya, rekord sayda qitə çempionu, paralimpiya üçüncüsü olan Zəkiyev, ilk gündən bu yana əsasən görmə imkanına malik cüdoçularla üz-üzə gəlib. Belə ki, paralimpiya cüdosunun əsasnaməsinə görə, idmançıların görmə məhdududiyyətinin dərəcəsinə əsasən, üç müxtəlif kateqoriya müəyyənləşdirilsə də, onların hamısı birgə mübarizə aparır. B1 kateqoriyasından olan – yəni, tam görmə məhdudiyyətli idmançıların əsasən müəyyən civarda görmə imkanına malik rəqibləri ilə başabaş mübarizə aparmasının nə dərəcədə mürəkkəb bir iş olması hamıya məlumdur. Odur ki, onun Beynəlxalq Cüdo Federasiyası tərəfindən adı dünya cüdosunun şərəf zalına daxil edilən yeganə paralimpiyaçı statusunu daşıması təsadüfi deyil.