Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
29 oktyabr 2024 1081
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Fəxrlə qeyd etmək istərdim ki, Türkiyə Respublikası tarixinin ikinci yüzilliyinə siyasi, iqtisadi, hərbi və digər hər bir cəhətdən qüdrətli, qabaqcıl və sabit, beynəlxalq aləmdə yüksək nüfuz və etimad qazanmış, qlobal məsələlərdə söz sahibi olan güclü ölkə olaraq qədəm basmışdır. Bütün bu möhtəşəm nailiyyətlərin əldə olunması məhz Sizin uzaqgörən və müdrik rəhbərliyiniz altında aparılan siyasət və gərgin əməyiniz nəticəsində mümkün olmuşdur.
Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq. Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.
İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2024-cü il
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı