Xəbərlər

Bakının ümumtəhsil məktəblərində 2026-cı il üzrə OVEP təlimlərinə start verilib

16 noyabr 2026 - 15:33 51

Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə həyata keçirilən Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) çərçivəsində 2026-cı ilin oktyabr ayından etibarən Bakı şəhərinin ümumtəhsil məktəblərində təlimlərə start verilib.

 

Əvvəlki ildən fərqli olaraq, 2026-cı ildən etibarən proqramın əsas hədəf auditoriyası birbaşa məktəblilərdir.

 

Proqramın əsas məqsədi şagirdlər arasında Olimpiya dəyərlərinin təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, eləcə də idmanın tərbiyəvi və maarifləndirici imkanlarından istifadə etməklə onların hərtərəfli inkişafına töhfə verməkdir.

 

Bu istiqamətdə Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ümumtəhsil məktəblərində şagirdlər üçün interaktiv və maarifləndirici təlimlər təşkil olunur. Təlimlər zamanı iştirakçılara Olimpiya hərəkatı, dostluq, hörmət və mükəmməlliyə can atmaq kimi fundamental Olimpiya dəyərləri, həmçinin ədalətli oyun, komanda işi və qarşılıqlı hörmət prinsipləri müxtəlif praktiki tapşırıqlar və interaktiv fəaliyyətlər vasitəsilə aşılanır. Təlimlər şagirdlərin Olimpiya dəyərlərini daha dərindən mənimsənilməsi, bu prinsipləri gündəlik həyatlarında tətbiq etməsinə, eləcə də idmana və fiziki fəallığa maraqlarının artırılmasına xidmət edir.