Xəbərlər

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib

05 oktyabr 2026 - 19:13 41

Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

 

Əvvəlcə dövlətimizin başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşdü.

 

Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən Prezident İlham Əliyev dedi:

 

-Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram. 

 

Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan. 

 

Əhməd Yusifov: Çox sağ olun. Minnətdaram.

 

X X X

 

Cüdo üzrə dünya çempionatının açılış mərasimi Azərbaycanda idmanın inkişafı ilə bağlı videoçarxın nümayişi ilə başladı.

 

Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaqdan böyük şərəf hissi duyduğunu dedi, respublikamızda idmana, o cümlədən cüdonun inkişafına göstərilən diqqətdən danışdı, Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi daimi dəstəyi qeyd etdi.

 

“İdmançıları təşəbbüslərin, enerjinin, yeni texnologiyaların və davamlı inkişafın, həmçinin idman, mədəniyyət və ənənələr diyarı olan Azərbaycanda salamlayıram”, - deyən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer bütün idman növlərinə və tədbirlərinə, o cümlədən bu dünya çempionatına göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirdi. O, son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik etdi. 

 

Tədbir bədii hissə ilə davam etdi. 

 

Sonra Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirildi. 

 

Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatdı.

 

Qeyd edək ki, oktyabrın 4-də start götürən cüdo üzrə dünya çempionatına ayın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır.