Xəbərlər

Oyunlar Akedemiyasının məzunları BP-ni ziyarət etdilər

21 aprel 2015 527

Aprel ayının 21-də BP-nin AGT üzrə regional prezidenti Qordon Birrel Bakı 2015 Avropa Oyunları Akademiyasının Məzun Təkmilləşdirmə Proqramından məzun olmuş gənclərə BP Xəzər Mərkəzində biznes haqqında mühazirə verdi. Qordon Birrel məzunları və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) rəsmi nümayəndələrini salamladıqdan sonra mühazirəsinə BP və Azərbaycan arasında 20 ildən artıq davam edən sıx əməkdaşlıq haqqında qısa hekayə ilə başladı. Ardınca o, BP şirkətinin Azərbaycanda həyata keçirdiyi Şahdəniz Mərhələ 2 və Cənub Qaz Dəhlizi də daxil olmaqla mühüm neft və qaz layihələri haqqında danışdı. Qordon Birrel şirkətin fəaliyyət göstərdiyi ölkələrdə yerli potensialın yetişdirilməsinin vacibliyini qeyd etdi və Əlaqələr, xarici işlər və təhlükəsizlik üzrə vitse-prezident Hüseyn Məmmədov, İnsan resursları üzrə vitse-prezident Leyla Novruzova və Əlaqələr üzrə menecer Tamam Bayatlı da daxil olmaqla şirkətin rəhbər heyətini təqdim etdi. Qordon və onun komandasının məzunlara öz şəxsi karyera hekayələri haqqında bəhs etməsi tədbirin maraqlı məqamlardan biri oldu. Qordon gənclərə hər zaman ev və iş balansını qorumağı, sevdikləri və həzz aldıqları işlə məşğul olmağı, yaradıcı və entuziast insanlarla özlərini əhatə etməyi və yaxşı bir vətəndaş olmağı tövsiyə etdi. Oyunlar Akademiyasının məzunları karyera inkişafı, iş imkanları və şirkətin təhlükəsizlik tədbirləri mövzusunda bir sıra suallar verdilər. Onlar Oyunlar Akademiyası çərçivəsində qazandıqları təcrübə haqqında çox həvəsli idilər. 
BP şirkəti tərəfindən maliyələşdirilən Məzun Təkmilləşdirmə Proqramının protokol üzrə məzunu və Oyunlar Akademiyasının məzunu Elis Majori dedi: “Bu Bakıya çox uzun zamandan sonra geri dönmək üçün mükəmməl fürsət idi. Geri dönməyimə çox şadam”. O, BP AGT şirkətinin Oyunlar Akademiyasınının məzunlarını qarşıdan gələn Bakı Avropa Oyunlarına hazırlıq üçün bilik və bacarıqlarını yetişdirməyə dəstək vermə öhdəliyi çərçivəsində Xəzər Mərkəzində təşkil etdiyi tədbirdə iştirak edən 120 məzundan biri idi. O, uşaqlığının böyük hissəsini atasının BP-də işlədiyi müddətdə Bakıda keçirmiş və Azərbaycanı 11 yaşında tərk etmişdir. Oyunlar Akademiyası onun üçün yalnız karyerasının başlanğıcı deyil həm də uşaqlığını keçirtdiyi yerlərə səfər edib dostlarını və yaxınlarını ziyarət etmək üçün yaxşı bir imkan idi. Elis düşünür ki, o və onun həmyaşıdlarının təlimlər zamanı əldə etdikləri bacarıqlar onlara müxtəlif sahələrdə müxtəlif iş imkanları yarada biləcək. Elis tədbir zamanı dedi: “Əsas idarəetmə bacarıqları insanın həyatda irəli getməsi üçün zəruri tələbdir və düşünürəm ki elə bu səbəb məni idman sahəsində qalıb çalışmağa sövq edir”.
Oyunlar Akademiyasının məzunu Turqut Qəmbərov üçün isə, bu onun prioritetlərini dəyişərək həyatında yeni bir dövrün başlanğıcını qoydu. O ingilis dili biliklərini artırmaqla yanaşı müxtəlif insanlarla fərqli iş mühitlərində işləməyi öyrəndi. O böyük idman tədbirlərində əməyi olmuş insanlarla birgə çalışmaqdan qürur duyur. Turqut yekun olaraq dedi: “Hazırda mən vaxt və xal nəticələrinin hesablanması komandasındayam və texnologiya departamentində çalışan iki Azərbaycanlıdan biri olduğum üçün fəxr edirəm”. Tədbirin sonunda, BEGOC-un rəsmi nümayəndəsi Mişel Klayton Bakı 2015 Avropa Oyunlarına və Oyunlar Akademiyasına göstərdiyi böyük dəstəyə görə BP-yə öz təşəkkürünü bildirdi.