Nazir Rəhimov: “Gözəl ailə xoşbəxt yaşamaq üçün əsas şərtdir”
04 may 2026 - 14:32 26
Boks üzrə SSRİ idman ustası AİBA və EABA-nın hakimi, MOK-un İdman İdarəsinin baş məsləhətçisi Nazir Rəhimovun may ayının 6-da 75 yaşı tamam olur. Ömrünün ən gözəl gənc çağlarını boks idman növünə həsr etmiş təcrübəli mütəxəssisin Azərbaycanda boksun inkişafında böyük zəhməti vardır.
O, 29 il fasiləsiz Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində fəaliyyəti, Olimpiya Hərəkatının inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Nazir müəllim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə “Tərəqqi” medalına, 2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri bədən tərbiyəsi və idman işçisi adına, 2012-ci ildə isə Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi fəxri adına 2022-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
İdman sahəsində müxtəlif vəzifələrdə çalışan Nazir müəllim öz şəxsi keyfiyyətləri ilə həmişə fərqlənir. Geniş dünyagörüşünə malik olan müsahibimizlə söhbət zamanı maraqlı məqamlara toxunduq. Uzun illər idman sahəsində əldə etdiyi təcrübədən danışan Nazir müəllimlə müsahibəni oxucularımıza təqdim edirik.
- Nazir müəllim, istərdim ki, Sizi oxuculara daha yaxından tanış edim.
- Mənim uşaqlıq və gənclik illərim keçmiş Sovetski – “tramvay kruqu” deyilən məhəllədə keçib. Yay aylarında uşaqlarla birlikdə Şıxov çimərliyinə gedər, orada hava qaralana kimi futbol oynayardıq. Yadımdadır, 3-4-cü siniflərdə Yuri Qaqarin adına pionerlər evində fəaliyyət göstərən rəsm bölməsinə və 26-lar Mədəniyyət Sarayında Azərbaycanın xalq artisti Lütvi Məmmədbəyovun rəhbərlik etdiyi dram dərnəyinə də gedirdim. Bir sözlə, həyatda öz yerimi axtarırdım. Məktəbdə oxuduğum illərdə idmanla da məşğul olmaq istəyirdim. 1964-cü ki, akrobatika bölməsinə getdim. Onu da deyim ki, akrobatikanın yerinə istənilən idman növü olsaydı da məşğul olacaqdım. Həmin vaxtlar dərslərimdən xeyli geri qalmışdım. Atamın təkidi ilə rəsm və dram dərnəyindən ayrıldım. Qısa bir dövrdə məktəbdə qiymətlərim yaxşılaşdı. Yaxşı oxuyanlar sırasında yer aldım. Ancaq elə bil bir idman növü mənim enerjimin çıxmasına azlıq edirdi. Əlavə olaraq yeni bir idman növü ilə də məşğul olmaq istəyirdim. 1966-cı ildən boks bölməsinə yazıldım. Atamın məsləhətibilə ancaq boksla məşğul olmağa başladım. 1973-cü ildən isə Bədən Tərbiyəsi və İdman İnstitunda təhsil alanda məşqçim SSRİ idman ustası, ADBTİA-nın kafedra müdiri dosent Hacı Məmmədov oldu.
Həyatımı idmana bağladım. Belə ki, 75 illik ömür yolumun 62 ilini idmana sərf etmişəm. İdmanla ucalıb yaşımın kamillik çağına çatmışam. Biləcəri qəsəbəsinə köçdükdən sonra mənim dərsdən əlavə artıq bir məşğuliyyətim – boks qalmışdı.Bu da mənim məktəbdə daha yaxşı oxumağa imkan yaratdı. Kimya və coğrafiya fənlərinə daha böyük marağım var idi. Sinif yoldaşlarım düşünürdilər ki, mən ya kimyaçı, ya da çoğrafiya sahəsinin mütəxəssisi olacam.
- Bildiyimizə görə ailə həyatınızı tələbəlik illərində qurmusunuz.
- Mənim idmana olan marağım hədsiz idi. Gələcəyimi idmansız təsəvvür etmirdim. 2 illik həqiqi hərbi xidmət başa vurduqdan sonra 1973-cü ildə Bədən Tərbiyəsi İnstitutuna daxil oldum. Yeri gəlmişkən, institutu əla qiymətlərlə bitirmişəm. Tələbəlik illərində boks üzrə yığma komandanın üzvü olduğuma görə, məni heç vaxt tələbə inşaat dəstəsinə aparmayıblar. Ali məktəbdə boksla ciddi məşğul olurdum. 1973-cü ildə Qırğızıstanın paytaxtı Frunze şəhərində “Spartak” İC Mərkəzi Şurasının SSRİ birinciliyi keçirildi və mən həmin yarışda üçüncü oldum. Bundan başqa, bir sıra ümumittifaq və respublika yarışlarında da uğurlar qazandım. Üçüncü kursu bitirdikdən sonra ailə həyatı qurdum. 1976-cı ildə əyani təhsil almaqla bərabər işləməyə başladım. Bakı Karton Tarası Fabrikində işləməyə işləyirdim. 1977-ci ildə ali təhsili başa vurduqdan sonra oxuduğum institutda məni boks və ağır atletika kafedrasında müəllim saxladılar. Daha sonraBakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində baş təlimatçı-məşqçi, Azərbaycan Pedaqoji İnstitutunda məşqçi-müəllim və Uşaq Gənclər İdman Məktəbində boks məşqçi-müəllimi kimi fəaliyyət göstərməyə başladım. Bu sahələrdə fəaliyyətim dövründə boks, ağırlıqqaldırma, qılıncoynatma, velosiped idmanı üzrə uğurla bir sıra ümumittifaq səviyyəli yarışların keçirilməsinə nail oldum. Dəfələrlə Fəxri Fərmanlara layiq görüldüm. Həmin dövrdə boks yarışlarında hakimlik etməyə başladım. 1982-ci ildə Respublika və 1989-cu ildə isə Ümumittifaq dərəcəli hakim adına layıq görüldüm. O dövrdə SSRİ məkanında keçirilən çempionatları və birincilikləri uğula hakimlik edirdim.
- Yəqin ki, boks hərbi xidmət dövründə də köməyinizə çatıb.
- Moskva vilayətinin Çexov şəhərində (Rusiya) hərbi xidmətdə olmuşam. Rusiyanın boks üzrə yığma komandasının ən böyük boks bazası məhz bu şəhərdə yerləşirdi. Hərbi xidmətdə olarkən məşqlərə ara vermirdim. Xidmət etdiyim hərbi hissədə boksçu yox idi. Buna baxmayaraq, hərbi hissədə mənim məşq etməyim üçün yaxşı şərait yaradılmışdı. Boksla məşğul olmaqla bərabər, həm də xidmətdə olan əsgərlərə məşq keçirdim. Hərbi xidmətdə olduğum illərdə iki dəfə Moskva hərbi dairəsinin çempionu oldum. O dövrlərdə yetirmələrimdən biri 2-ci, üçü isə 3-cü yerə çıxdı. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, boksun nə olduğunu bilməyən əsgərləri belə, əsil boksçu kimi yetişdirə bilmişdim. Hərbi xidməti başa vurdıqdan sonra “Dinamo” İdman Cəmiyyətində məşq etməyə başladım. 1972-ci ildə Tallin və Qrodno şəhərlərində keçirilən ümumittifaq yarışda mükafata layiq yer tutdüm.
- Azərbaycanda ilk boks məktəbinin direktoru siz olmusunuz. Bu barədə bir qədər məlumat verərdiniz.
- Bakı şəhəri Bədən Tərbiyəsi və İdman Komitəsində boks üzrə məşqçi-təlimatçı işləyirdim. Bu dövrdə boks üzrə yeni məktəb açıldı və məni həmin məktəbə direktor təyin etdilər. Düzü, tərəddüd içində qalmışdım. Çünki məktəb yaratmaq üçün xeyli maddi vəsaitə ehtiyac duyulurdu. Amma daxilimdə boks məktəbinin fəaliyyətə başlamasını çox istəyirdim. Nəhayət, bütün məsələlər həll olundu və 1984-cü ildə Azərbaycanda ilk yaradılan boks məktəbi (Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəbi) yaradıldı və mən həmin məktəbə rəhbərlik etdim.
- Boks məktəbinin fəaliyyəti təkcə paytaxtı əhatə edirdi?
- Direktor təyin olunduqdan sonra məktəbdə işləməyə 17 məşqçi dəvət etdim. İstəyirdim ki, bölgələrimizdə də boksun inkişafı üçün hər cür şərait yaradılsın. Gəncə, Sumqayıt, Lənkəran, Astara, Cəlilabad, Quba, Qax, Biləsuvar, Siyəzən, Tovuz və başqa rayonlarda boks məktəbinin filiallarını təşkil etdik. Bir sözlə, boksun inkişafı üçün əlimdən gələni əsirgəmirdim. İllik məşq prosesinin davamı üçün yay aylarında Lənkəranda pioner düşərgəsini icarəyə götürüb idmançılarımızın təlim-məşq prossesini davam etdirirdim. Mən təklif etdim ki, Məhsul Cəmiyyətinin Respublika Şurasının birincilik və çempionatları bölgələrdə keçirilsin. Bölgələrdə keçirilən yarışlardan öncə mən həm məşçilər, həm də boks hakimləri üçün seminarlar keçirirdim. Bunun sayəsində rəhbərlik etdiyim məktəbin boksçuları respublikanın bütün yaş qrupu üzrə birincilik və çempionatlarında komanda hesabında birinci olmaqla bərabər 11 çəki dərəcəsindən 9-da birinci olurdular. 1985-ci ildə mənim rəhbərlik etdiyim OEUGİM ittifaqda olan 301 məktəb arasında 4-cü nəticə göstərdi. Respublikada isə 1-ci oldu.
- Bir mütəxəssis kimi uşaqlarını idman cəlb edən valideynlərə nə məsləhət görürdiniz?
- Övladının idmanla məşğul olmasını istəyən və mənə məsləhət üçün müraciət edən valideynlərə heç vaxt birbaşa cavab vermirəm. Əvvəlcə onlara deyirəm ki, uşağı gətir baxım görüm, onun fiziki imkanları necədir. Çoxillik təcrübəmə əsaslanıb deyirəm ki, bir uşağı yalnız onun potensialına cavab verə biləcək idman növünə qoymaq lazımdır. Bədən quruluşu elastik olan bir uşağı boksa və ağırlıqqaldırmaya, yaxud çiyinləri enli, qolları daha güclü olan uşağı yüngül idman növlərinə yazdırmaq düzgün deyil. Seçim əsas amildir. Əgər düzgün seçim aparılsa, həmin uşaq məsləhət görülən idman növündə uğur qazana bilər. Bir mütəxəssis kimi bu tövsiyələrimdə heç vaxt yanılmamışam. Valideynlərə tövsiyəm odur ki, övladlarını idman bölmələrinə yazdırsınlar. Ola bilər ki onların uşaqları gələcəkdə böyük idmançı olmayacaq. Lakin onlar sağlam, ölkəmizə gərəkli vətəndaşkimi yetişəcəklər. Pis vərdişlərdən uzaq duracaq, vaxtlarını qiymətləndirməyi bacaracaqlar.
-Nazir müəllim, bilirik ki, Siz ədəbiyyatla, incəsənətlə çox maraqlanırsınız. Bu həvəs, istək Sizdə hardan yaranıb ?
- Orta məktəbdə dil ədəbiyyat müəllimlərim bu sahəni mənə sevdirə biliblər. Bakı Bədən Tərbiyəsi və İdman Komitəsində çalışırdım. Həmin dövrdə həm də mütəmadi olaraq, “İdman”, “Bakı”,”Azərbaycan gəncləri” və sair qəzetlərlə əməkdaşlıq edirdim. Onlar üçün məqalə yazıb təqdim edirdim və əvəzində yaxşı qonarar alırdım. Bu qonarar o zamanlar mənim gənc ailəmin büdcəsinə xeyli kömək edirdi. Mən kiçik yaşlarımdan çox mütüliə edirəm. Hələ idmana gəlməmişdən qabaq mən günümü saatlarla kitabxanaların oxucu zalında keçirirdim. Bu da azlıq edirdi. Kitabxanalardan oxumaq üçün xeyli kitab alıb evə gətirir, mütaliə edərdim. Şeir dinləməyin dəlicəsinə aşiqiyəm. Evdə də öz şəxsi kitabxanamda xeyli Azərbaycan şairlərinin kitabları var.
Həyatda bütün gözəlliklərdən zövq alıram. Rəssamlarımızın və heykəltaraşlarımızın əsərlərinə baxanda ruhən dincəlirəm. 1998-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin xətti ilə keçirilən “Olimpiya, İncəsənət və idman” müsabiqələrinin MOK-da keçirilən mərhələsinin təşkili mənə həvalə olunmuşdu. Bu müsabiqələrdə çoxsaylı rəssam və heykəltətaşlar iştirak edirdi. Elə buna görə bu yaradıcı sənətkarların çoxu ilə dostluq əlaqələrim var. Hərdən çox yorğun olanda dost olduğum rəssamlara və heykəltaraşların emalatxanalarına gedirəm. Orada onların əsərlərinə baxanda xeyli dincəlirəm. Mən o əsərləri qəbul edirəm ki, məni düşündürə bilir. Rəssamın yaratdığı tabloda nə demək istədiyini tapmağa çalışıram və bundan zövq alıram. Hal-hazırda MOK-un inzibatı binasının bütün mərtəbələrində rəsm və heykəltaraşlıq əsərəri nümayiş olunur. Bu əsərlər MOK-un təşkil etdiyi “Olimpiya ,incəsənət və idman” mövzusunda keçirdiyi müsabiqələrdə iştirak edən rəssam və heykəltaraşların əl işləridir. MOK-a gələn qonaqlar ,bu sənət nümunələrinə heyranlıqla baxırlar.
Musiqini də çox sevirəm. Xüsusi ilə muğamlarımızı. İmkan olanda Azərbaycanın mədəniyyət ocağı olan Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertlərə gedirəm.
- Ömrün 75 ilini arxada qoyursunuz. Həyatınız idmanla əhatələnib. Bu seçiminizin Szin həyatınizda xüsusi yeri var. Bir sözlə, idman sizə nə verib?
- İdman mənə çox şey verim. Sağlam həyat, vaxtı qiymətləndirmə bacarığı, çətin vəziyyətdən ani olaraq düzgün qərar çıxarmaq vərdişi. Özümü yaşıma görə sağlam hiss edirəm. Nəvələrimlə birlikdə idman edirəm. Onlarla birlikdə basketbol oynayıram, velosiped sürürəm. Onları da idmanla məşğul olmağa həvəsləndirirəm. Sağlam həyat tərzi yaşayıram. Bu vaxta qədər spirtli içki və siqaretdən uzaq durmuşam. Övladlarım da bu vərdişlərdən uzaqdırlar. Ola bilər ki, sağlam və gümrah qalmağımın bir səbəbi də budur. Ailəmdə formalaşdırdığım düzgün təlim-tərbiyə əsas meyarlardan biridir. Gözəl ailə yaşamaq üçün əsas şərtdir. Arxada qoyduğum bu illər ərzində Azərbaycan idmanın inkişafında, uşaq və gənclərimizin fiziki cəhətdən sağlam böyüməsində az da olsa əməyim olubsa, buna görə özümü xoşbəxt hesab edirəm.
-Nazir müəllim, bir azda ailəniz, övladlarınız barədə məlumat verərdiniz.
-1976-cı ildə ailə qurmuşam. Xanımım həkimdir, 2 oğlum, 1 qızım var. Hər 3-ü ali təhsillidir. 3 nəvəm var. Murad nəvəm orta məktəbi əla qiymətlərlə bitirib. Hal-hazırda Türkiyyə Cumhuriyyətinin İzmir şəhərində Dokuz Eylül Dövlət Unversitetində komputer mühəndisliyi fakultəsinin 4-cü kursunda təhsil alır. Elmir, Bakı şəhəri Nərimanov rayonu 200 nömrəli məktəb-litsey kompleksinin 9-cu sinifində oxuyur. Şükufə nəvəm isə Biləcəri qəsəbəsində olan 297 nömrəli məktəbin 7-ci sinifinin şagirdidir. Məni yaşadan, sevincimə rəng qatan nəvələrimin uğurlarıdır. Övladlarımdan da çox razıyam.
- Nazir müəllim işdən kənar vaxtlarda vaxtınızı necə keçirirsiniz.
- Mənim demək olar ki, boş vaxtım olmur. Həyətdə ağaclara qulluq etmək və evdə icrası tələb olunan işləri görməkdən həzz alıram İmkan daxilində dostlarıma vaxt ayırır, onlarla görüşüb müxtəlif mövzuda söhbətlər edirəm. Evdə axşamlar ancaq televizorda xəbərlər proqramına və bir də muğam konsertləri olanda baxıram. Bütün idman, siyasət, gündəlik hadisələr və xəbərlərlə bağlı son məlumatları Facebook, WhatsApp, saytlar vasitəsi ilə alıram. “Olimpiya dünyası” qəzetini hər buraxılışını əvvəldən axıra kimi oxuyuram. İdman saytlarını izləyirəm. Mənim evdə müqəddəs kitabım Qurani-Kərimdir. Hesab edirəm ki, Qurani-Kərimi oxuyub dərk edən, ondan ibrət alan, həyatını müqəddəs kitabımızın qanunlarına uyğun quran insanlar ən xoşbəxt ağıl sahibləridirlər. Mən də söylədiklərimə uyğun olaraq hər səhər sübh namazından sonra mütləq Qurani-Şərifin Azərbaycan dilinə tərcüməsindən bir necə surə və ayə oxuyuram. Hər səhər sübh tezdən dostlarıma maraqlı məlumatlar göndərir, imkan daxilində onları maarifləndirirəm. Mən Allahımdan çox razıyam. Mənə hər şey verib. Sağlam ailəm, gözəl tərbiyəli balalarım, başımın tacı olan nəvələrim vardır. Şükür Allaha hələ ki, sağlamlığımdan ciddi şikayətim yoxdur. Yeganə mənə azlıq edən vaxtdır.Vaxtın azlığından şikayətim var.
- Nazir müəllim, dostluq, yoldaşlıq etdiyiniz insanda hansı keyfiyyətləri qiymətləndirirsiniz?
- Yaşa dolduqca adamın, yaşamaq təcrübəsi artır və özünə dost, yoldaş seçimi başqalarından fərqlənir. Mən şəxsən çalışıram dostluq-yoldaşlıq edəcəyim insanın daxili aləminin təmizliyinə, verdiyi sözün sadiqliyinə, yalandan, paxıllıqdan, kindən uzaq olmasına, bir sözlə, ruhunun təmiz olmasına fikir verim. Sədaqətli və ailəcanlı, insanlara hörmətlə yanaşan, qarşısındakı insanı diqqətlə, sonacan səbrlə dinləmək mədəniyyəti olan insanlara böyük hörmətim var. Bu sadaladığım müsbət keyfiyyətlər insanın xarakterini formalaşdıran, cəmiyyətdə hörmətini artıran və şəxsi inkişafına şərait yaradan əxlaqi və mənəvi dəyərlərdir. Səbrli. təmkinli insanlara böyük rəğbətim var.
- Nazir müəllim, bütün müsəlmanlar üçün vacib sayılan Həcc ziyarətində olmusunuz. Həmin anları necə xatırlayırsınız?
- Tanrı mənə belə bir imkanı iki dəfə nəsib edib. Həmin anları sözlə ifadə etmək çətindir. Həcc ziyarətindən sonra insan daxilən daha rahat olur. Bir növ hər şeyə yenidən başlayır, saflaşır və yüngülləşirsən. Həyata və insanlara olan baxışı dəyişir, bilmiyərəkdən etdiyin səhvləri bir daha təkrarlamamağa çalışırsan. Ümumiyyətlə, Həcc ziyarətinə getməsən də belə, insanlıq hissini daim əsas götürməlisən. Haqqa girib, nahaq işlər görməməlisən.
Ömrünün 76-cı ilinə qədən qoyan yüksək mənəvi keyfiyyətlərə malik, dostlarına qarşı səmimi və qayğıkeş olan Nazir müəllim həyatının mənalı və müdrik dövrünü yaşayır. O, həmişə olduğu kimi yenə də şən, obyektiv, özünə qarşı tələbkar, yaşadığı həyatın gözəlliklərində zövq almağı bacaran ziyalılarımızdandır. Ömrün 75 illik zirvəsindən geri boylandıqda sevinməli, fəxr etməli və düşünməli çox məqamlar var. Nazir müəllimi 75 illik yubileyi münasibətilə “Olimpiya dünyası” qəzetinin çoxsaylı oxucuları adından təbrik edir, ona sağlam cansağlığı və uzun ömür arzulayırıq.
Bənzər xəbərlər
“Bakı Marafonu 2026” başlayıb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026”ya ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ... Ətraflı
.jpeg)







.jpeg)
.jpeg)





