Xəbərlər

Kamran Mirzəxanov Fransada beynəlxalq yarışda uğurla mübarizə aparıb

22 avqust 2022 474

Qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” velosiped klubunun tərkibində 40 günlük təlim-məşq toplanışında olan gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov hazırlıq prosesi çərçivəsində daha bir beynəlxalq yarışda iştirak edib. İdmançımız Fransada təşkil olunan şose velosipedi üzrə 3 mərhələdən ibarət “Boucles de l'Oise Juniors - Trophée Arnaud Coyot” yarışında mübarizə aparıb.

Avqustun 20-də start götürən yarış 2 gün davam edib. İlk gün idmançılar Le Plessis Belleville ərazisində qrup ötüşməsi növü üzrə 114,6 km məsafə qət ediblər. Avqustun 21-də isə yarışın daha 2 mərhələsi baş tutub. Günün birinci yarısı keçirilən 2-ci mərhələdə velosipedçilər Bresles ərazisində fərdi ötüşmə üzrə 15,7 km, günün ikinci yarısı təşkil olunan 3-cü mərhələdə isə qrup ötüşməsi üzrə Verneuil en Halattedən Nogent-sur-Oiseyə qədər 89,8 km məsafədə mübarizə aparıblar.

K.Mirzəxanov 106  velosipedçinin iştirak etdiyi 1-ci mərhələni (qrup ötüşməsi) 2 saat 45 dəqiqə 34 saniyə nəticə ilə 25-ci, 84 idmançının qatıldığı 2-ci mərhələni (fərdi ötüşmə) 21 dəqiqə 25 saniyə nəticə ilə 54-cü, 82 velosipedçinin mübarizə apardığı 3-cü mərhələni (qrup ötüşməsi) isə 2 saat 2 dəqiqə 46 saniyə nəticə ilə 32-ci yerdə başa vurub. O, yarışın hər 3 mərhələsinin ümumi nəticəsinə görə isə 40-cı sırada qərarlaşıb.

K.Mirzəxanov və komanda yoldaşları heyətin liderini birinci yerə çıxarmaq üçün çalışıb və uğurlu nəticəyə nail olublar. Belə ki, klubun üzvü Valery Shtin 3-cü mərhələnin qalibi olub.

Qeyd edək ki, velosipedçimizin tərkibində mübarizə apardığı “Cannibal Team” klubunun digər üzvlərindən R.Ermakov həm birinci mərhələdə, həm də ümumi təsnifatda ən yaxşı dağ velosipedçisi, Valery Shtin isə 3-cü mərhələdə ən yaxşı sprinter seçilib.
Komanda hesabında isə "Cannibal Team” klubu 1-ci mərhələdə 2-ci, 2-ci mərhələdə və ümumi təsnifatda isə 3-cü yerə layiq görülüb.