Xəbərlər

Fərid Qayıbov: "Gələcəkdə azad edilmiş torpaqlarımızda Avropa və dünya çempionatlarını keçirməyi planlaşdırırıq"

29 sentyabr 2026 - 12:19 44

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən idman yarışlarının arealı ildən-ilə genişlənir.

 

Bunu gənclər və idman naziri Fərid Qayıbov "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimində deyib.

 

O, azad edilmiş torpaqlarda keçirilən turnirlərin əhəmiyyətini qeyd edib:

 

"Üçüncü dəfədir təşkil olunan yarış artıq ənənəyə çevrilib. Mingəçevir reqatası hər il keçirilir və azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır. Ölkə başçısının tapşırıqlarına əsasən bütün sahələr, həmçinin idman inkişaf edir. Qarabağın müxtəlif şəhərlərində yeni idman bölmələri açılır, həm yerli, həm də beynəlxalq yarışlar keçirilir. Bizi sevindirən hal odur ki, turnirdə artıq 12 ölkədən iştirakçılar var. Təşkilatçılığın səviyyəsi çox yüksəkdir. Bütün idmançılara uğurlar arzulayırıq və inanırıq ki, bu yarışlar növbəti illərdə daha da genişlənəcək. Ümid edirəm ki, gələcəkdə Avropa və dünya çempionatlarını da həm burada, həm də Mingəçevirdə keçirəcəyik".

 

Nazir azad edilmiş ərazilərdə idman infrastrukturunun qurulması istiqamətində görülən işlərdən bəhs edib:

 

"Bir çox federasiyalar artıq hər il beynəlxalq yarışlar keçirirlər. Velosiped, şahmat turnirləri var və yeni idman bölmələri açılır. Bütün federasiyalarla birlikdə bu sahəni daha da genişləndirməyə çalışırıq. Füzulidə idman zalı, Ağdamda stadion tikiləcək, digər rayonlarda da idman zallarının inşası planlaşdırılır. Bu obyektlər istifadəyə verildikcə yarışların arealı daha da artacaq".

 

F.Qayıbov su idmanı növlərinin inkişafı və yerli əhalinin bu sahəyə marağı barədə danışıb:

 

"Artıq azad olunmuş torpaqlarımızda üç su anbarında - Suqovuşan, Köndələnçay və Sərsəngdə bu yarışları keçirmişik. Sevindirici haldır ki, yarışlara çoxlu yerli uşaq və əhali toplaşır. Bu, həmin idman növünü burada daha da inkişaf etdirməyin mümkünlüyünü göstərir. Uşaqlar üçün təkcə bu idman növündə deyil, digər sahələrdə də yeni bölmələr açılmalıdır. Məktəblərimizdə yaxşı şərait var və uşaqlar oradakı zallardan istifadə edirlər".

 

Nazir su idmanı növləri üzrə yerli idmançıların çıxışına toxunub:

 

"Əvvəllər bu idman növü yalnız Mingəçevirdə idi. Artıq Bakıda da bölmələrimiz var. Azərbaycanda göllər və su anbarları çoxdur. Federasiya ilə birgə bu idman bölmələrinin digər rayonlarda da açılması planlaşdırılır. Yaxın gələcəkdə rəqabətin daha da artacağını izləyəcəyik".

 

F.Qayıbov Bakının böyük beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladıb:

 

"Bakı dünyanın idman paytaxtıdır. İlin əvvəlindən bir çox federasiyalar beynəlxalq yarışlar, dünya çempionatları və dünya kubokları keçiriblər. "Formula 1" üzrə Azərbaycan Qran-prisi yeni başa çatdı. Bir neçə gündən sonra Bakıda ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku start götürəcək. Ardınca cüdo və sumo üzrə dünya çempionatları təşkil olunacaq. Voleybol üzrə Avropa çempionatı da yeni bitib. Bütün idmançılarımıza uğurlar arzulayırıq".

 

Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.