Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04 oktyabr 2026 - 20:35 26
"Səhər oyananda çempionluq barədə düşünürdüm, gün məndən yana oldu. Bu şansı dəyərləndirdim və dünya çempionu oldum".
Bu sözləri Azərbaycan cüdoçusu Əhməd Yusifov (-60 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatından sonra jurnalistlərə verdiyi müsahibəsində deyib.
O qeyd edib ki, 60 kq çəki dərəcəsində ölkəmizə ilk dünya çempionluğunu qazandırdığı üçün qürur hissi keçirir.
"Final görüşüm ilk anlarda gözlədiyim kimi keçməsə də, sonradan özümü toparlamağı bacardım. Öz fəndimi tətbiq edərək qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Daha öncə məğlub olduğum rəqibimlə görüşə bu dəfə revanş almaq və çempion olmaq əzmi ilə çıxmışdım. Tatamidə kəmərdən tutub üstünlük əldə etdiyim an artıq qalib gələcəyimi tam hiss etdim", - deyə Əhməd Yusifov bildirib.
Dünya çempionumuz bu qələbənin Azərbaycan cüdo tarixində xüsusi yer tutduğunu vurğulayaraq deyib: "Azərbaycan cüdo tarixində 60 kq çəki dərəcəsində indiyədək heç kim dünya çempionu olmamışdı. Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək mənim üçün sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir.
Bu uğurda üzərimdə əməyi olan bütün məşqçilərimə minnətdarlığımı bildirirəm. Artıq dünya çempionuyam, lakin dayanmaq fikrim yoxdur. Növbəti əsas hədəflərim Avropa və Olimpiya çempionu adını qazanmaqdır".
Bənzər xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın dörd ... Ətraflı
Azərbaycan karateçisi İrina Zaretska Avstriyada qızıl medal qazanıb
Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zaltsburq şəhərində keçirilən ... Ətraflı