Xəbərlər

“Coca-Cola” Azərbaycan idmançılarına “Bakı 2015” Avropa Oyunlarında uğurlar arzuladı

29 may 2015 417

Bakı 2015” İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti və Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ölkəmizi sözügedən mötəbər idman yarışlarında təmsil edəcək idmançılara uğurlar arzulayıb.

Bu gün MOK-un inzibati binasında “Coca-Cola” şirkəti və Olimpiya Komitəsinin rəsmiləri Azərbaycanı qarşıdan gələn “Bakı 2015” Avropa Oyunlarında təmsil edəcək milli yığma komandanın üzvləri ilə görüşüblər. Görüşdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel, “Bakı 2015”in səfiri Tünzalə Ağayeva və Oyunlarda Azərbaycan milli yığmasının şərəfini qoruyacaq 80-ə yaxın idmançı iştirak edib.

Tədbirdə çıxış edən nazir Azad Rəhimov qeyd edib ki, Bakı 2015” İlk Avropa Oyunlarının başlanmasına artıq 14 gün qalır və Azərbaycan bu cür möhtəşəm yarışa ev sahibliyi etməyə tam hazırdır: “Qısa bir müddət ərzində böyük işlər həyata keçirilib, yeni yollar istifadəyə verilib, parklar salınıb, idman obyektləri inşa olunub və bu gün biz “Bakı 2015” yarışlarına tam hazırıq. Onu da vurğulamaq istərdim ki, əgər 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı 53 idmançı təmsil edirdisə, “Bakı 2015” Avropa Oyunlarında ölkəmizin şərəfini 291 idmançı qoruyacaq. Biz tərəfdaşlarımızla birgə idmançılarımıza lazımi dəstək verməyə hazırıq və mən ümid edirəm ki, Azərbaycan yığma komandası yüksək nailiyyətlər əldə edəcək. Biz göstərməliyik ki, Azərbaycan əsl idman ölkəsidir“.

İdmançılarla görüşdə çıxış edən Çingiz Hüseynzadə “Bakı 2015” Avropa Oyunlarının təşkilini yüksək qiymətləndirib və bildirib ki, hazırda hər şey idmançılarımızdan asılıdır: “Biz qərara gəldik ki, sözügedən yarışlarda medal qazanan hər bir idmançımızı Oyunların ertəsi günü MOK-un inzibati binasında qəbul edək və atletlərimizi onların ailələri və dostları ilə birgə təntənəli şəkildə təbrik edək. Mən “Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkətinə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm və inanıram ki, Azərbaycan idmançıları bu yarışlarda uğurla çıxış edəcək”.

Öz növbəsində Cem Becel İlk Avropa Oyunlarının Azərbaycanda idmanın inkişafına, fəal və sağlam həyat tərzinin təbliğinə təkan verəcəyindən danışdı: «“Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti həm dünyada, həm də Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün irimiqyaslı layihələr keçirir. Dünyada idman, fəal və sağlam həyat tərzi nə qədər geniş yayılarsa, cəmiyyətlər də bir o qədər inkişaf etmiş olar. Biz əminik ki, Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarının bu baxımdan cəmiyyətin inkişafında ciddi təsiri olacaqdır. İnanırıq ki, Azrəabaycanı təmsil edən idmançılarımız böyük uğurlar əldə edəcək və öz qələbələri ilə insanlarda idman və fəal həyat tərzinə ilhamlandıracaqlar. İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı, Azərbaycan tarixinin bir hissəsi olmağımızla fəxr edirik və Azərbaycan yığma komandasına bu yarışlarda uğurlar arzu edirik».

Tədbir çərçivəsində “Coca-Cola” şirkəti Azərbaycan idmançılarına üzərində onların adları və müvafiq idman növlərinin piktoqramı əks edilmiş “Coca-Cola” məhsulları təqdim etdi. Avropa Oyunlarının səfiri, tanınmış müğənni, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva tədbir iştirakçıları üçün “Coca-Cola” tərəfindən xüsusilə “Bakı 2015” üçün hazırlanmış ruhlandırıcı himni ifa edərək musiqi vasitəsilə idmançılara uğurlar arzulayıb.