Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı: 4 mərhələ, 4 fərqli qalib
13 may 2026 - 21:51 384
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 4-cü mərhələ başa çatıb. Bu yarış günündə velosipedçilər Gəncə şəhərindən start götürməklə Göygöl – Goranboy – Ağdərə (Suqovuşan və Talış kəndləri) – Naftalan marşrutu üzrə hərəkət edərək, 152,8 km məsafə qət ediblər.
4-cü yarış gününün qalibi İtaliyanın “Bardiani CSF 7 Saber” pro-kontinental komandasının velosipedçisi Marko Manenti olub – o, qrup finişində 3 saat, 11 dəqiqə, 46 saniyə göstərici ilə hamını qabaqlayıb. Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının üzvü Henok Mulubrhan 2-ci, Tailandın “Roojai Insurance Winspace” kontinental klubunun təmsilçisi David Kristian Pita isə 3-cü nəticə göstərib. Xatırladaq ki, Pita 3-cü mərhələdə də finiş xəttini 3-cü keçmişdi.
4 mərhələdən sonra “XDS Astana”nın üzvü Yevgeni Fyodorov ümumi təsnifatda liderliyini və “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyi özündə saxlayır. “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyi isə 4-cü mərhələnin qalibi Marko Manenti ələ keçirib.
Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan Hava Yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını, İspaniyanın “Equipo Kern Pharma” pro-kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi özündə saxlayıb.
Fərqlənən velosipedçilərə mükafatları Naftalan şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim ediblər.
Sabah keçiriləcək sonuncu, 5-ci mərhələdə iştirakçılar Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi marşrutu üzrə 181,5 km məsafə qət edəcəklər.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı