Xəbərlər

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Günü qeyd edib

23 iyun 2022 111

İyunun 23-də Bakıda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunması və Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Beynəlxalq “Olimpiya Günü” tədbiri keçirilib.

MOK-un mətbuat xidməti xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, olimpiyaçılar Zemfira Meftəhətdinova, Lyudmila Şubina, gənc idmançılar və digərləri iştirak ediblər.

Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək bildirib ki, idmanın bir çox növlərində Azərbaycan idmançıları öz güclərini göstərib, müxtəlif yarışlarda medallar qazanıb, bayrağımızı ucaldıblar. Bildirib ki, onlar Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynayıblar.

 “İdmançılarımız bizim fəxrlərimizdir. Bu gün bu tədbirdə bizim görkəmli idmançılarımız, olimpiya çempionlarımız iştirak edirlər. Onların bu cür tədbirlərdə iştirakı gənc idmançıları yeni qələbələrə ruhlandıracaq”, - deyə Ç.Hüseynzadə qeyd edib.

Vitse-prezident bütün azərbaycanlılara idmanla məşğul olmağı, idmanı sevməyi və sağlam həyat tərzi keçirməyi arzuladığını bildirib, keçirilən tədbirin Azərbaycan gənclərini idmana cəlb edəcəyini, idmana həvəslərini artıracağını deyib. O, bundan sonra da Azərbaycanda böyük idmançıların yetişəcəyini söyləyib.

Tədbirdə çıxış edən Azərbaycanın Olimpiya çempionu Fərid Mansurov bildirib ki, Olimpiya dəyərlərini yeniyetmə və gənc idmançılara ötürmək olimpiyaçıların müqəddəs borcudur. O, tədbirdə iştirak edən gənc idmançıların gələcəyin Olimpiya çempionları olacağına ümid etdiyini deyib.

“Biz özümüz də yeniyetmə yaşlarımızda bu cür tədbirlərdə, qaçış yarışlarında iştirak etmişik. Bu tədbirlərin keçirilməsi həm də yeniyetmələrin idmana cəlb edilməsi üçün çox vacibdir”, - deyə F.Mansurov qeyd edib.

Həmçinin bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb. Hazırda idmançılarımız Paraolimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər. Otuz il ərzində idmançılarımız Yay Olimpiya Oyunlarında 8 qızıl, 14 gümüş və 29 bürünc medal qazanıb.

Tədbirdə Gimnastika, Karate, Velosiped və Çirlidinq federasiyalarının gənc idmançılarının nümunəvi çıxışları nümayiş olunub.

AZTV-nin informasiya dəstəryi ilə baş tutan tədbirdə Respublika və beynəlxalq müsabiqələrin laureatları İsmayıl Əsədli, Nurdan Hüseynzadə və OCEP məktəbliləri,  İncəsənət Gimnaziyasının tələbələrinin ifası izləyicilərə maraqlı anlar yaşatdı.

Sonra Olimpiya bayramında qaçış yarışları təşkil edilib. Yarışlar iki nominasiya üzrə - oğlanlar və qızlar arasında keçirilib. Oğlanlar arasında yarışın qalibi adını Əliağa Novruzov qazanıb. İkinci yeri Nizam Hamidulin, üçüncü yeri Səid Məmmədov tutublar.

Qızlar arasında keçirilən yarışda birinci yeri Məlikə Məmmədova, ikinci yeri Lina Qurbanova, üçüncü yeri isə Aynur Axundova tutublar.

Qaliblərə medallar, diplomlar və hədiyyələr təqdim edilib. Tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.