Xəbərlər

PARİSDƏKİ “AZƏRBAYCAN OLİMPİYA EVİ”NDƏ ÇOXSAYLI TƏDBİRLƏR KEÇİRİLİR

09 avqust 2024 191

Fransanın paytaxtı Paris şəhəri tarixdə üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edir (1900, 1924, 2024).

 

Bir əsr sonra yenidən Parisdə təşkil olunan Olimpiya Oyunları Azərbaycan idmançıları üçün əlamətdar hadisələrlə yadda qalır.

 

Paris-2024-də təkcə idmançılarımızın çıxışı deyil, ölkəmizin mədəniyyətinin, tarixi adət-ənənələrinin nümayiş olunması, digər Milli Olimpiya Komitələri ilə əlaqələrin genişlənməsi də əsas prioritet məsələlərdən biridir.

 

Olimpiya Oyunlarının keçirildiyi günlərdə Parisdə ölkəmizin Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində fəaliyyətə başlayan “Azərbaycan Olimpiya Evi”nin əsas məqsədi də bu amala xidmət edir. 

 

Olimpiya Oyunlarının keçirildiyi günlərdə belə bir məkanın fəaliyyətə başlaması Azərbaycanın idman ictimaiyyəti üçün xüsusi bir hadisə idi.

 

Belə ki, XXXIII Yay Olimpiya Oyunlarının keçirildiyi günlərdə “Azərbaycan Olimpiya Evi”ndə tariximiz, mədəniyyətimiz, musiqimiz, milli mətbəximiz təbliğ və təşviq edilir, həmçinin Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı, idmançılarımızın əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumatlar verilir.

 

Bu məkanda həmçinin idmançılarımızın Paris-2024-də əldə etdiyi tarixi qələbələr də qeyd olunur, onlarla görüşlər təşkil edilir. Burada Azərbaycanı sevən hər kəs olimpiyaçılarımızın uğurlarını izləyir, eləcə də onlara azarkeşlik edənlər sevimli idmançıları ilə görüş əldə etmək fürsəti qazanırlar.

 

“Azərbaycan Olimpiya Evi”ndə Milli Olimpiya Komitələrinin nümayəndələri, beynəlxalq idman federasiyalarının rəhbərləri və idmançılarla yaddaqalan görüşlər keçirilib. Bu görüşlərdə Gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, MOK-un baş katibi Azər Əliyev, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycanın Fransadakı Səfiri Leyla Abdullayeva, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç və bir çox başqa rəsmi qonaqlar, eyni zamanda Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev də iştirak ediblər. 

 

“Azərbaycan Olimpiya Evi”ndə beynəlxalq taekvondo ailəsi ilə də görüş olub. Tədbirdə Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou və müxtəlif ölkələrin taekvondo federasiyalarının rəhbərləri iştirak ediblər. Qonaqlar burada Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva ilə görüşüblər. 

 

Parisdəki “Azərbaycan Olimpiya Evi”nin bağçasında yer alan Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlini də görmək sevindiricidir. Bir müddət əvvəl həmin heykəl vandallar tərəfindən zorakılığa məruz qalsa da, bu heykəl Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi sayəsində yenidən bərpa edilib. İndi buraya gələn hər bir insan Xurşidbanu Natəvan haqqında məlumat alır.

 

Şübhəsiz ki, Olimpiya Oyunları müəyyən bir vaxtdan sonra yekunlaşacaq. Lakin “Azərbaycan Olimpiya Evi” nümayəndə heyətinin və idmançılarımızın daim xatırlayacağı bir yer kimi yadda qalacaq. Çünki “Azərbaycan Olimpiya Evi” ölkəmizin idmançılarının Olimpiya Oyunlarındakı möhtəşəm qələbələrinə və çoxsaylı görüşlərə şahidlik edib.