Xəbərlər

Olimpiya çempionları yeniyetmə və gənc güləşçilərlə görüşüblər

21 may 2026 - 15:42 17

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının idman zalında yeniyetmə və gənc güləşçilərin tanınmış idmançılarla görüşü təşkil olunub.

 

Görüşdə XXVII Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə qızıl medalçısı Namiq Abdullayev, XXVIII Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalçısı Fərid Mansurov və Milli Olimpiya Komitəsinin İdman idarəsinin müdiri Həsənağa Rzayev iştirak ediblər.

 

Görüşün məqsədi gənc idmançıların motivasiyasının artırılması, onlarla olimpiya təcrübəsinin bölüşülməsi və sağlam həyat tərzinin təbliği olub.

 

Çıxış edən olimpiya çempionları ölkəmizdə idmanın inkişafından, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, keçdikləri şərəfli idman yolundan bəhs ediblər.

 

Onlar böyük uğurların yalnız zəhmət, intizam, əzmkarlıq və Vətən sevgisi sayəsində qazanıldığını vurğulayaraq əldə etdikləri qələbələrin yaratdığı qürur hissini iştirakçılarla bölüşüb, gəncləri idman həyatında daim məqsədyönlü və iradəli olmağa çağırıblar.

 

Görüş zamanı yeniyetmə və gənc güləşçilər çempionlara müxtəlif suallar ünvanlayıb, onların peşəkar idman karyerası ilə bağlı fikirlərini dinləyiblər.