Xəbərlər

MOK-da Atletlər Komissiyasının tədbiri keçirilib

27 oktyabr 2025 - 15:06 23

Oktyabrın 27-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un Atletlər Komissiyasının tədbiri keçirilib.

 

Tədbir Beynəlxalq Olimpiya Komitəsinin (BOK), MOK-un Atletlər Komissiyasının təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə həyata keçiriləcək “Etik və psixoloji bacarıqlar ilə güclü idmançı” layihəsinə həsr olunub.

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, tədbirdə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova, Etika Akademiyasının rəhbəri Günel İbrahim, komissiya üzvləri və müxtəlif idman federasiyalarının nümayəndələri iştirak ediblər.

 

Atletlər Komissiyasının sədri Fəridə Əzizova çıxış edərək qonaqları salamlayıb və tədbirin məqsədi barədə məlumat verib.

 

O, Etika Akademiyası ilə birgə həyata keçiriləcək layihənin idmançılar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, layihə vasitəsilə gənc idmançılar etik davranış, nitq mədəniyyəti, stressin idarə olunması və psixoloji dayanıqlılıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

 

Etika Akademiyasının rəhbəri Günel İbrahim çıxışında akademiyanın fəaliyyəti barədə məlumat verib və idman sahəsində əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib. 

 

O, bu günə qədər bir sıra uğurlu təlimlər keçirdiklərini və yeni layihə çərçivəsində bütün federasiyalarla birgə fəaliyyətə hazır olduqlarını bildirib.

 

MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev idmançıların etik davranış qaydaları, nitq mədəniyyəti, sosial bacarıqları və cəmiyyətə inteqrasiyasının əhəmiyyətindən danışıb. O, federasiyaların bu istiqamətdə birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

 

“Etik və psixoloji bacarıqlar ilə güclü idmançı” layihəsinə yaxın günlərdə start veriləcək. Təlimlər üç ay davam edəcək və idmançıların şəxsi və peşəkar inkişafına yönələcək.