Millimizin üzvü “Tour of Albania”da gümüş medal qazandı
26 may 2023 718
Albaniyada şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı, 5 mərhələli “Tour of Albania” yarışı başa çatıb.
Mayın 26-də baş tutan sonuncu mərhələdə Permetdən start götürən velosipedçilər 122 km məsafə qət edərək Fier ərazisində finiş xəttini keçiblər. Beşinci yarış günündə 9 ölkədən 11 komandanın heyətində ümumilikdə 55 idmançı birincilik uğrunda mübarizə aparıblar.
Yarışda iştirak edən Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının üzvləri yüksək nəticəyə imza atıblar. Belə ki, idmançılarımız əsl komanda əzmkarlığı göstərərək, millimizin aparıcı üzvlərindən Samir Cəbrayılova böyük dəstək olublar. Nəticədə velosipedçimiz bu mərhələdə 2 saat 42 dəqiqə 56 saniyə nəticə ilə ikinci yerə layiq görülərək gümüş medal qazanıb. O, özünün və milli komandamızın hesabına 3 UCI reytinq xalı yazdırıb.
Digər velosipedçilərimizdən Nəcəf Bağırov (02:43:03) 7-ci, Şahin Eyvazov (02:43:03) 29-cu, Kamran Mirzəxanov (02:43:03 ) 33-cü, Musa Mikayılzadə (02:43:03 ) isə 35-ci yerlə kifayətləniblər.
Mərhələnin qalibi 2 saat 42 dəqiqə 55 saniyə nəticə ilə Yunanıstan milli komandasının üzvü Polychronis Tzortzakis olub.
Ümumi təsnifatda isə M.Mikayılzadə (12:32:45, 15 UCI xalı) 5-ci, S.Cəbrayılov (12:33:46, 5 UCI xalı) 7-ci, Ş.Eyvazov (12:39:35) 29-cu, K.Mirzəxanov (12:40:01) 31-ci, N.Bağırov (12:52:56 ) 44-ci, Azərbaycan millisi (37:53:14) isə 6-cı yerdə qərarlaşıblar.
S.Cəbrayılov yarışın ən yaxşı dağ velosipedçilərinin siyahısında 2-ci, ən yaxşı sprinterlərinin siyahısında isə 3-cü nəticə göstərib.
Veloturun ən yaxşı gənc idmançılarının sırasında isə Ş.Eyvazov 10-cu, K.Mirzəxanov 11-ci, N.Bağırov 16-cı olub.
Qeyd edək ki, yarışın dördüncü mərhələsi kəskin hava şəraiti səbəbindən ləğv edilib.
Nəzərinizə çatdıraq ki, veloturun 5-ci mərhələsində Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı