Xəbərlər

Milli Olimpiya Komitəsində Ağacan Abiyevin 85 illik yubileyi qeyd olunub

24 noyabr 2022 732

Noyabrın 24-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Ağacan Abiyevin  85 illik yubileyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları yubilyarın 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində başlayan həyat hekayəsindən bəhs edən qısametrajlı filmə baxıblar. 
Videoçarxda Azərbaycanın dəyərli ziyalısı, ictimai -siyasi və idman xadimi, professor  Ağacan Qulam oğlu Abiyevin  idmançı, hakim kimi fəaliyyəti ilə yanaşı rəssam kimi bacarıqlarından bəhs edilib. Daha sonra Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi  Nazir Rəhimov Ağacan Abiyevin qısa tərcümeyi-halı ilə tədbir iştirakçılaırnı tanış edib. 
Yubilyarı təbrik edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Ağacan Abiyev prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Yubilyara MOK adından xatirə hədiyyələri təqdim edən  Çingiz Hüseynzadə 25 illik dostuna uzun ömür can sağlığı arzulayıb. Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Ağacan Abiyevin beynəlxalq aləmdə böyük nüfuza sahib idman mütəxəssisi olmasına diqqət çəkib. ADBTİA-nın rektoru Fuad Hacıyev Ağacan müəllimin 28 illik rektorluq fəaliyyəti dövründə təhsil ocağının inkişafı və tələbələrin naliyyətlərinin artması istiqamətində gördüyü işlərdən bəhs edib. 
Milli Məclis sədrinin müavini Adil Əliyev,  Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev,  Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Güləş Federasiyasının İdman şöbəsinin müdiri Yaqub Məmmədov, Beynəlxalq dərəcəli hakim Hicran Şərifov, dünya çempionu Fərhad Acalov , Olimpiya Oyunlarının mükafatçısı Şahin İmranov çıxış edərək 85 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə həsr etmiş fədakar idman ustasının və elm xadiminin həyat yolundan, çoxşaxəli fəaliyyətindən söhbət açıb, onu yubiley münasibətilə təbrik ediblər.
Tədbirdə Ağacan Abiyevin 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarından olduğu vurğulanıb. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan Ağacan Abiyev Azərbaycanda Olimpiya hərəkatının təbliğində və inkişafında mühüm rol oynayıb. 
Yüksək diqqətə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Ağacan Abiyev onun əməyinin dövlətimiz tərəfindən yüksək qiymətlədirildiyini bildirib, xalqımıza və dövlətimizə bundan sonra da şərəf və ləyaqətlə xidmət edəcəyini söyləyib. Ümummilli lider Heydər Əliyevin idmançılara və gənclərə, eləcə də onun ictimai-siyasi və idman fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini söyləyən Ağacan Abiyev bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini də deyib. 
Tədbrdə MOK-un Baş katibi Azər Əliyev, Gənclər və idman nazirinin müavini Mariana Vasileva,  Olimpiya çempionları Namiq Abdullayev, Nazim Hüseynov, Lyudmila Şubina, dünya və Avropa çempionları və mükafatçıları, federasiya rəsmiləri ilə yanaşı Ağacan Abiyevin ailə üzvləri də iştirak ediblər. 
Sonda xatirə şəkli çəkdirilib.