Milli komanda Avropa çempionatını 6 medalla başa vurub
30 may 2022 693
Karateçilər Türkiyənin Qaziantep şəhərində 57-ci Avropa çempionatını 6 medalla başa vurub. Mükafatların ikisi qızıl, bir o qədəri isə gümüş və bürüncdür.
Qızıl medalları baş məşqçi Rənad Əliyevin rəhbərlik etdiyi Para-karate seçmə komandasının üzvlərindən Emiliya Mitilinova (görmə qüsurlu idmançılar) və Eldar Əhmədov (əlil arabası istifadəçiləri) qazanıb. Nihat Məmmədzadə (görmə qüsurlu idmançılar) isə gümüş medala sahib olub.
Baş məşqçi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev, Rəşad Hüseynov və Seymur Hüseynov rəhbərlik etdiyi milli komandamız Avropa ikincisi olub. Heyəti Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov, Ayxan Mamayev, Pənah Abdullayev və Tural Ağalarzadədən ibarət komanda fransalı idmançılarla final görüşünə üstünlüklə başlasa da, sonda rəqibinə 1:3 hesabı ilə məğlub olub. Fərdi kumite yarışlarında isə yeganə medalı üçüncü yerə çıxan Mədinə Sadiqova (-55 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev, milli komanda məşçqisi Denis Morozov) qazanıb.
Kata üzrə baş məşqçi Vahid Ayvazovun müşayiət etdiyi İsmayıl Quliyev, Tural Balcanlı, Rövşən Əliyev və Roman Heydərovadan ibarət heyət komanda yarışlarının Avropa üçüncüsü olub. Azərbaycan Milli Karate Federasiyasnın prezidenti və Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq dərəcəli referilər Cahangir babyev və Vüqar Kərimov müdallar uğrunda məsul görüşləri idarə edən hakimlər arasında olub. EKF-in Hakimlər komitəsi C.Babayevə beynəlxalq yarışlarda 15 illik hakimlik etməsi münasibətilə rəmzi gümüş nişan təqdim edib.
Karateçilərin qitə çempionatına 45 ölkədən 454 karateçi, Para-karateçilərin Avropa çempionatına isə 15 ölkədən 48 idmançı qatılıb. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 22 medal qazanan ölkə arasında 11-ci yeri tutub. Para-karate nəticələrinə görə isə idmançılarımız Avropada ikinci olub.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı