Xəbərlər

LANDAU ŞAHMAT FESTİVALINDA 2-Cİ TURA START VERİLDİ

26 iyun 2022 1059

"LANDAU School"un və "Nine Senses" İncəsənət Mərkəzinin Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə dəstəyi ilə keçirdiyi LANDAU Şahmat Festivalının açılış mərasimi baş tutub.
 
Turnirin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, idman şöbəsinin rəhbəri Elnur Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.
 
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  
 
Açılış mərasimində ilk olaraq Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxış etdi. Nazirlik rəsmisi yeniyetmələr arasında şahmat festivalının keçirilməsini yüksək qiymətləndirdi, təşkilatçılara təşəkkürünü bildirdi.
 
Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev yay tətili günlərində balacaların şahmat turnirində iştirakını onların qədim oyuna olan marağı kimi dəyərləndirdi. E.Əliyev bütün iştirakçılara uğurlar arzuladı.
 
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yeniyetmələr arasında yarışların təşkilinin federasiya qarşısında əsas vəzifələrdən biri olduğunu söylədi. “LANDAU School” rəhbərliyinə minnətdarlığını bildirən federasiya prezidenti turnirin əsl şahmat bayramı kimi yadda qalacağını vurğuladı.


“LANDAU School”un baş icraçı direktoru Timur Leznik çıxışına LANDAU Şahmat Festivalında iştirak edən rəsmiləri salamlamaqla başladı. “LANDAU School”un baş icraçı direktoru yarışın keçirilməsinə dəstək olan qurumlara təşəkkürünü bildirdi. Şahmat festivalının yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüldüyünü söylədi və ilk dəfə təşkil edilən turnirin hər il davamlı keçiriləcəyinə ümidvar olduğunu bildirdi. T.Leznik bütün iştirakçılara sağlam və ədalətli mübarizə arzuladı.
 
Sonra rəsmi şəxslər müxtəlif şahmat taxtalarında ilk gedişi etməklə 2-ci tura start verildi.
 
Qeyd edək ki, "LANDAU School"un "Sea Breeze" korpusunda keçirilən festival 4 müxtəlif yaş qruplarında 8, 10, 12, 14 yaşadək oğlan və qızlar arasında təşkil olunur. 155 yeniyetmənin iştirak etdiyi turnir İsveçrə sistemi ilə keçirilir və 8 turdan ibarətdi. Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk üç yeri tutacaq iştirakçılara qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Şahmat festivalına iyulun 3-də yekun vurulacaq.