Xəbərlər

İyunun 18-də Yardımlı rayonunda idman kompleksinin açılışı olub

18 iyun 2020 221

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Yardımlı İdman Kompleksi Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. Açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatı Musa Qasımlı, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və digər şəxslər iştirak ediblər.

Ümumilikdə 1,23 hektar ərazidə inşa edilən kompleksin tikintialtı sahəsi 3919 kvadratmetrdir. Dörd blokdan ibarət kompleksin əsas korpusunda 560 tamaşaçı tutumuna malik universal idman, eləcə də güləş, boks və trenajor zalları, VIP tribuna, soyunma-geyinmə, duş, hakim və məşqçi otaqları, nəzarət, texniki və xidməti kabinetlər var. Burada, həmçinin kafe-restoran, mətbəx, 21 nömrədən ibarət 43 yerlik mehmanxana da fəaliyyət göstərir.

Ərazidə geniş yaşıllıqlar salınıb, piyada yolları və asfalt-beton yollar çəkilib, binalar müasir idman avadanlıqla təchiz edilib, müasir havalandırma, yanğın siqnalizasiya, hidrant sistemləri, internet və televiziya şəbəkəsi, müşahidə kameraları və digər zəruri qurğular quraşdırılıb. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.