Xəbərlər

İslam Həmrəylik İdman Federasiyasının Əlaqələndirmə Komissiyyasının iclası keçirildi

02 noyabr 2015 422

2 noyabr 2015-ci il tarixində Bakı şəhəri Bulvar hotelində İslam Həmrəylik İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası keçirildi.

Nihat Ustanın sədrliyi ilə keçirilən Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycan adından Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər nümayəndələr iştirak etmişdilər.

Tədbirin giriş sözünü açan Gənclər və İdman Naziri Azad Rəhimov Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılmasının gələcəkdə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları kimi daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün təkan olduğunu qeyd etdi. Nazir IV İslam Həmrəylik Oyunları zamanı istifadə ediləcək idman obyektlərini texniki tələblərə tam şəkildə cavab verdiyini vurğuladı.

Milli Olimpiya Komitəsinin və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Oyunlarını uğurla həyata keçirməklə Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını, dostluq və əməkdaşlıq məkanı olduğunu bütün dünyaya bir daha sübut etdiyini vurğuladı. Ç.Hüseynzadə 20 idman növü üzrə 14 idman obyektlərində keçirilən İslam Həmrəylik Oyunlarının Azərbaycan idman tarixində mühüm yer tutacağını qeyd etdi.

Rəsmi çıxışdan sonra İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva Azərbaycanın ev sahiblik edəcəyi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatla çıxış etdi. Təqdimatda təhlükəsizlik, informasiya-kommunikasiya, nəqliyyat, Atletlər və Media kəndi, idman obyektləri və digər məsələlərlə bağlı hazırlıq prosesi haqqında ətraflı məlumat verildi.

Xatırladaq ki, 3 noyabr tarixində İslam Həmrəylik İdman Federasiyasının 24-cü İcraiyyə Komitəsinin və 4 noyabr tarixində 9-cu Baş Assambleyanın iclası keçiriləcəkdir.