Xəbərlər

Gələn həftə Bakıda irimiqyaslı məktəbli idman proqramının final mərhələsi keçiriləcək

22 aprel 2016 346

Aprelin 25-28-də Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının final mərhələsi keçiriləcək.

Sözügedən proqrama 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, basketbol 3×3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub ki, nəticədə 600-ə yaxın məktəbli final mərhələsinə vəsiqə qazanıb. Yarışları 1 500-dək tamaşaçının canlı izləyəcəyi gözlənilir. Açılış mərasimi ilə başlayacaq final mərhələsi yüngül atletika, velosiped idmanı, basketbol 3×3 və badminton idman növləri üzrə yarışlarla davam edəcək. Bağlanış mərasimi ilə yekunlaşacaq tədbir əyləncəli şou proqramla başa çatacaq.

Final yarışlarının rəsmi açılış və bağlanış mərasimlərində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, “Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Erdinç Gözəl, nazir müavinləri və müvafiq idman federasiyalarının səlahiyyətli şəxsləri ilə birgə “Olympic Moves” beynəlxalq idman proqramının ulduz idmançıları – atlet Nazim Babayev, basketbolçu Amil Həmzəyev, badmintonçu Orxan Qələndərov və velosipedçi Aqşin İsmayilov iştirak edəcəklər.

“Olympic Moves” proqramının əsas məqsədi “Bakı 2015” Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3×3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etməkdən ibarətdir. Bu isə öz növbəsində cəmiyyətin rifahının və dayanıqlı inkişafının təmin edilməsinin başlıca prioritetlərindən biridir.

“Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və artıq final mərhələsi ilə yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “Coca-Cola”nın artıq uzun illərdir ki, davam edən əməkdaşlığı çərçivəsində əhalinin fəal və sağlam həyat tərzinə cəlb olunması ilə cəmiyyətin inkişafının təmin edilməsi prinsipini özündə təcəssüm etdirən “Fəal Ailəm, Sağlam Aləm” proqramı, həmçinin bu proqramın tərkib hissəsi olaraq Beynəlxalq Olimpiya Qaçış Günü kimi genişmiqyaslı layihələr həyata keçirilib. Təqdirəlayiqdir ki, “Olympic Moves” ötən il “Bakı 2015” Avropa Oyunlarının sosial idman irsi elan edilmiş “Fəal Ailəm, Sağlam Aləm” proqramının davamı olaraq Olimpiya dəyərlərinin təşviqinə öz töhfəsini verməkdədir.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək və Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcək.