Elnur Amanov: “Ümid edirəm ki, keçdiyimiz hazırlıq prosesi uğurlu çıxış etməyimizə kömək edəcək”
29 oktyabr 2026 - 13:28 19
“Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədimiz uğurlu nəticələr qazanaraq ölkəmizi layiqincə təmsil etməkdir”.
Bu sözləri müsahibəsində taekvondo üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının məşqçisi Elnur Amanov deyib.
Mütəxəssis qarşıdakı yarışa hazırlıq prosesi, idmançıların hazırkı vəziyyəti və Oyunlarla bağlı gözləntilərindən danışıb. O, Azərbaycan komandasının Dakar-2026-da iki taekvondoçu ilə təmsil olunacağını bildirib.
“Dakar-2026 çərçivəsində taekvondo yarışları noyabrın 8-dən 12-dək keçiriləcək. Oyunlarda iştirak etmək üçün noyabrın 5-də yola düşməyi planlaşdırırıq. Qız idmançımız Zəhra İsayeva noyabrın 8-də, oğlan idmançımız Adil Kazımlı isə ayın 11-də mübarizəyə qoşulacaq.
Yarışa hazırlığımız yaxşı keçib. Hazırlıq prosesi bir neçə mərhələdən ibarət olub. Hər iki idmançımızla Qazaxıstanda keçirilən turnirdə iştirak etmişik. Daha sonra Türkiyədə təlim-məşq toplanışında olmuşuq və Azərbaycanda hazırlığımızı davam etdirmişik. Ardınca Albaniyada təşkil olunan turnirdə qüvvəmizi sınamışıq. Hazırda hazırlığın son mərhələsini Bakıda davam etdiririk.
İnanıram ki, keçdiyimiz hazırlıq prosesi idmançılarımızın Oyunlarda uğurlu çıxış etməsinə kömək edəcək. Qarşıya qoyulan məqsədə çatmaq üçün bütün imkanlarımızdan istifadə etmişik. Ümid edirəm ki, Vətənə uğurlu nəticələrlə qayıdacağıq”, - deyə Elnur Amanov bildirib.
Bənzər xəbərlər
Emin İskəndərov: “8 il sonra yenidən eyni uğuru təkrarlamaq istəyirik”
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədimiz yüksək nəticə qazanmaqdır”.
Bu sözləri cüdo ... Ətraflı
İbrahim Talıbov: “İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədim uğurlu nəticə qazanmaqdır”.
Bu sözləri Dakar-2026 ... Ətraflı