Xəbərlər

Çingiz Hüseynzadə: Ümid edirəm ki, bizə məxsus olan atıcılıq ənənələrini geri qaytaracağıq

07 iyun 2022 676

Bu günlərdə Bakıda böyük tədbir keçirilir. Ölkəmizdə atıcılıq bayramıdır. İdmanın bu növü üzrə dünya kuboku keçirilir. Turnirdə 66 ölkədən 700-dən çox atlet iştirak edir. Belə yarışlar üçün darıxmışdıq. Pandemiya bu cür turnirlərin keçirilməsinə mane olurdu. Azərbaycan Atıcılıq Federasiyasının (AAF) rəhbərliyini təbrik edirəm ki, belə möhtəşəm yarış təşkil ediblər. Beynəlxalq Atıcılıq Federasiyasının və Avropa Atıcılıq Federasiyasının rəhbərləri də ölkəmizdədir.

Bu sözləri jurnalistlərə müsahibəsində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Ölkəmizdə atıcılıq üzrə Avropa və dünya çempionatlarının keçirilməsini arzuladığını bildirən MOK-un vitse-prezidenti deyib: “Atıcılarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, Olimpiya Oyunlarında ölkəmizə medal qazandırarlar. Bu yarışdan sonra Azərbaycanda idmanın bu növünə maraq daha da artacaq. Çünki bunun üçün ölkəmizdə şərait də var. Bakı Atıcılıq Mərkəzində 4 məktəb fəaliyyət göstərir. Uşaqları bu məktəblərə cəlb etmək lazımdı. Ümumiyyətlə, idmanın bu növünü kütləviləşdirmək əsas məqsəd olmalıdır. Federasiyanın prezidenti ilə də bu haqda söhbətimiz olub. Mən ümid edirəm ki, bizə məxsus olan atıcılıq ənənələrini geri qaytaracağıq. Bilirsiniz ki, Azərbaycanda dünya çempionları, Olimpiya çempionu var. Atıcılığın hər növündə güclü idmançılarımız olub. İndi onlar kimi atletlər yetişdirməliyik. Əminəm ki, buna nail ola biləcəyik. Azərbaycan Atıcılıq Federasiyasının bunun üçün hər cür imkanı var. Biz də MOK olaraq federasiyanın gördüyü işləri tam dəstəkləyirik”.