Xəbərlər

BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN RƏSMİ BƏYANATI

26 mart 2026 - 23:52 69

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri, qurumun "Qadın Kateqoriyasının Qorunması" haqqında yeni və mühüm siyasətini rəsmən elan edib. 

 

Keçən ilin iyun ayında vəzifəsinin icrasına başladıqdan sonra qəbul etdiyi ən həlledici qərarlardan biri olan bu sənədə əsasən, transgender qadınlar və Cinsi İnkişaf Fərqliliyi (DSD) olan atletlərin qadın kateqoriyası üzrə Olimpiya Oyunlarında iştirakı məhdudlaşdırılır.

 

Dünya idmanının ən yüksək qurumuna rəhbərlik edən ilk afrikalı və ilk qadın olan prezident Koventri video-müraciətində bildirmişdir ki, bu məsələnin həssaslığına baxmayaraq, bioloji kişilərin qadın kateqoriyasında yarışması ədalət prinsipinə ziddir. Yeni qaydalara əsasən, qadın kateqoriyasında yarışmaq istəyən bütün idmançılar müvafiq bioloji cinsin təyini məqsədilə həyatlarında bir dəfəyə məxsus olmaqla SRY (Cinsiyyəti Müəyyən Edən Y-geni) skrininqindən keçəcəklər. BOK İcraiyyə Şurasının iclasından sonra verilən açıqlamada vurğulanmışdır ki, Olimpiya Oyunlarında qələbə və məğlubiyyət arasındakı fərqin minimal olması rəqabətin ədalətli və bəzi idman növlərində həm də təhlükəsiz olmasını tələb edir. Bu səbəbdən, həm fərdi, həm də komanda idman növlərində qadın kateqoriyasında iştirak hüququ bundan sonra yalnız bioloji qadınlarla məhdudlaşacaqdır.

 

Prezident Koventri qeyd etmişdir ki, bu siyasət tamamilə elmi əsaslara söykənir və tibbi ekspertlərin rəyi ilə hazırlanmışdır. İdmançılara ləyaqət və hörmətlə yanaşılacağını bildirən BOK, test prosesi zamanı lazımi maarifləndirmə və məsləhət xidmətlərinin də təşkil olunacağını diqqətə çatdırmışdır. Əvvəllər məcburi cinsiyyət testinin idmançı hüquqlarını pozduğunu hesab edən qurumun bu qərarı, mövzunun son vaxtlar beynəlxalq siyasi müstəvidə kəskin müzakirə obyektinə çevrilməsindən sonraya təsadüf edir. 

 

Xüsusilə ABŞ Prezidenti Donald Tramp kimi nüfuzlu siyasətçilərin transgender idmançıların qadın yarışlarında iştirakına qarşı çıxması bu məsələni qlobal gündəmin mərkəzinə gətirmişdir.

 

BOK tərəfindən yayımlanan 10 səhifəlik rəsmi sənəddə qeyd olunur ki, kişidən qadına keçid edən transgender atletlər və DSD idmançıları kişi yetkinlik dövründən irəli gələn fiziki üstünlükləri saxlayırlar. Tədqiqatlar göstərir ki, qaçış və üzgüçülükdə 10-12%, atma və tullanma növlərində 20%-dən çox, ağır atletika və döyüş idmanları kimi partlayıcı güc tələb edən növlərdə isə 100%-dən artıq kişi performansı üstünlüyü mövcuddur. SRY testi qeyri-invaziv üsulla, ağız boşluğundan götürülən yaxma və ya tüpürcək nümunəsi ilə həyata keçiriləcəkdir.

 

Yeni siyasətin Los-Anceles 2028 Yay Olimpiya Oyunlarından etibarən tətbiq edilməsi və bütün beynəlxalq idman federasiyaları tərəfindən mənimsənilməsi nəzərdə tutulur. 

 

BOK xüsusi olaraq vurğulayır ki, bu qaydalar yalnız elit peşəkar idmana aiddir və kütləvi bədən tərbiyəsi və ya rekreasiya proqramlarına şamil olunmur.