Azərbaycan CAHAMA-nın 69-cu iclasında təmsil olunub
25 noyabr 2025 - 12:15 33
Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 69-cu iclası keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İki gün davam edən toplantının gündəliyində CAHAMA-nın 68-ci iclasının hesabatının təsdiqi, növbəti görüşlərin tarixlərinin müəyyənləşdirilməsi, Katiblikdən yeniliklər və WADA-nın qarşıdakı İcraiyyə Komitəsi və Təsisçilər Şurasının iclaslarına hazırlıq məsələləri yer alıb.
İclas çərçivəsində Avropa dövlətlərinin nümayəndələri qlobal antidopinq gündəliyində yer alan vacib mövzuları müzakirə edib, WADA-nın qərarqəbuletmə prosesində vahid Avropa mövqeyinin formalaşdırılması üzrə ilkin müzakirələr aparıblar. CAHAMA-nın əlaqəli ekspert qrupları çıxış edərək, WADA komitələrinin gündəliyinə daxil olan məsələlərlə bağlı təqdimatlar ediblər. Açıq sessiyada WADA nümayəndələri ilə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və qurumun prioritet istiqamətləri barədə məlumatlar verilib.
İclasda AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev gender bərabərliyi üzrə məruzəçi qismində çıxış edərək, antidopinq siyasətində gender aspektlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Xüsusi mandatlı qurum kimi CAHAMA Avropa Mədəniyyət Konvensiyasına qoşulan ölkələrin WADA qarşısında vahid mövqeyini hazırlayan əsas mexanizmdir. Region ölkələrinin koordinasiyalı iştirakı ədalətli, şəffaf və səmərəli qlobal antidopinq sisteminin formalaşmasına mühüm töhfə verir.
AMADA nümayəndə heyətinin iclasda iştirakı Azərbaycanın antidopinq sahəsində beynəlxalq əməkdaşlığa və Avropa ailəsində fəal dialoqa sadiqliyini bir daha təsdiq edir.
Bənzər xəbərlər
Azərbaycan İdman Veteranları İctimai Birliyinin üzləri Ağacan Abıyevlə görüşüblər
Noyabrın 26-da Azərbaycan İdman Veteranları İctimai Birliyinin bir qrup üzvü ... Ətraflı
“Olimpiya dünyası” qəzetinin 24 yaşı tamam olur
Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin ... Ətraflı