Xəbərlər

Avropa çempionatından Azərbaycana 3 qızıl medal

14 mart 2022 608

Martın 13-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb. Azərbaycan Güləş Federasiyasından verilən xəbərdə bildirilir ki, qitə birinciliyinin son günündə sərbəst güləş üzrə Azərbaycan millisi daha 3 medal qazanıb.

“Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb – 12:2. Hacıyev 1/4 finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb. Cəbrayıl yarımfinalda türk İsmet Çiftçini üstələyib – 7:3. Təmsilçimiz finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Bu rəqibini çətinlik çəkmədən 8:1 hesabıyla məğlub edən Hacıyev ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

“Abubakr Abakarov (86 kq) startda bolqar Xristo İliyevə vaxtından əvvəl qalib gəlib – 10:0. Abakarov 1/4 finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub  6:0. Abubakr yarımfinalda türk Emre Çiftçiyə tam üstünlüklə qalib gəlib – 14:2. Milli üzvü həlledici görüşdə moldovalı Lilian Balana da aman verməyib. Cəmi 38 saniyəyə finalın taleyini həll edən Abakarov Avropa çempionu olub.

“Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb – 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə məğlub olub – 5:9. Aydın bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbəylə ayrılan pəhləvanımız bürünc medalı boynundan asıb”, – deyə xəbərdə qeyd edilir.

Federasiyanın xəbərinə görə, beləliklə, Avropa çempionatının son günündə Azərbaycan sərbəst güləşçilər 2 qızıl və 1 bürünc medal əldə edib. Bir gün öncə milli üzvləri 2 qızıl və 2 bürünc medal qazanmışdı.