Avropa Olimpiya Komitəsi

Avropa Olimpiya Komitəsi - Avropa Olimpiya Komitələri Assosiasiyası (AOKA) 1959-cu ildə Fransada yaranıb. 1991-ci ildən sonra 15 Milli Olimpiya Komitəsi AOK-a üzv olub. Avropa idman təşkilatının adı 1995-ci ildə dəyişdirilərək Avropa Olimpiya Komitəsi adlandırılıb. Hazırda bu təşkilatın 48 üzvü var.

AOK-un iqamətgahı Lozannada, Beynəlxalq Olimpiya Komitəsinin yaxınlığında yerləşir. Təşkilatın inzibati iqamətgahı isə Romada, İtaliya Olimpiya Komitəsinin binasının yaxınlığındadır.

Avropa Olimpiya Komitəsinin əsas məqsədi aşağıdakılardır:

  • Olimpiya ideallarının Avropada yayılması və təbliğ olunması;

  • Olimpiya Hərəkatının inkişafına dəstək və yardımın göstərilməsi;

  • İdmanın köməyi ilə uşaqların və gənclərin dostluq, qardaşlıq, sülh və əminamanlığın bərqərar olacağı dünya qurulması, ətraf mühitin mühafizəsi ruhunda tərbiyə edilməsi;

  • Ümumi marağa xidmət edən elmi tədqiqatlar, təhsil, və qabaqcıl təcrübənin mübadiləsi sahəsində Avropa Milli Olimpiya Komitələri arasında sıx əməkdaşlığın yaradılması.

  • Avropa Olimpiya Komitəsi idman və Olimpiya Hərəkatı sahəsində müxtəlif problem məsələlərin, o cümlədən qadın və idman, dopinqə qarşı mübarizə, idmanın hüquqi aspektləri və sair kimi məsələlərin həlli məsələlərində geniş planda işlər aparılması. 

Azərbaycanla Avropa Milli Olimpiya Komitəsi arasında əsas əməkdaşlıq əlaqələri 1997-ci idən mövcuddur. 1998-ci il noyabrın 13-14-də Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Olimpiya Komitəsinin XXVII Baş Məclisi keçirilib. Məclisdə 48 ölkədən Milli Olimpiya Komitələrinin nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsinin 25 üzvü iştirak edib. Azərbaycanı bu məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyev təmsil ediblər. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyev müvafiq olaraq AOK-un "Olimpiya Oyunlarına hazırlıq”, "Texniki əməkdaşlıq” komissiyalarının üzvləridir.