Xəbərlər

Tokio-2020 üçün nəzərdə tutulan “Playbook”un təqdimatı keçirilib

09 fevral 2021 453

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri və hazırlıqlarının yer aldığı “Playbook”un təqdimatı keçirilib. Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində nümayəndə heyətləri rəhbərləri üçün nəzərdə tutulan onlayn təqdimat mərasimində BOK prezidenti Tomas Bax, BOK-un Milli Olimpiya Komitələri ilə əlaqələr şöbəsinin rəhbəri Ceyms Maklaud və Tokio -2020 Yay Olimpiya Oyunlarının Əməliyyat komitəsinin məsul şəxsləri iştirak edib. Təqdimat mərasimində çıxış edən BOK prezidenti Tomas Bax bildirib ki, “Playbook”un hazırlanması bir addım da Olimpiya Oyunlarına yaxınlaşmaq deməkdir.

 

MOK-un mətbuat xidmətinin məlumatına görə təqdimat mərasimində bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün “COCOA” adlandırılan xüsusi mobil tətbiq hazırlanıb. Proqram pandemiya ilə mübarizəyə həsr olunan və yoluxma riskini azaltmaq məqsədilə hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib. Olimpiya Oyunlarına qatılacaq ölkələrin nümayəndə heyyətlərinin hər bir üzvü bu proqramı 14 gün əvvəl öz mobil telefonuna yükləməlidir. Bundan sonra proqramın tələb etdiyi məlumatlar (hərarət, öskürək, ümumi vəziyyət və.s) haqda informasiyalar 14 gün ərzində mobil tətbiqə daxil edilməlidir. Bu dolayısı ilə Tokio Olimpiadasına qatılacaq hər bir iştirakçının sağlıq durumu haqqında oyunların əməliyyat komitəsinin müvafiq qurumunun məlumatlandırılmasına xidmət edəcək. Bundan başqa Tokio-2020-yə yola düşməzdən 72 saat əvvəl nümayəndə heyəti üzvləri PZR testi verməlidir.

 

İlkin qərara əsasən, Olimpiya kəndində hər kəs 4 gündən bir test verəcək. Xüsusi olaraq qeyd edilib ki, virusa qarşı ən yüksək təhlükəsizlik tədbirləri görülüb. İdmançılar və məşqçilər, media, beynəlxalq federasiyalar, həmçinin yayım işini həyata keçirəcək qurumlar üçün fərqli “Playbook”lar hazırlanıb. Aprel ayında isə nümayəndə heyəti rəhbərləri üçün nəzərdə tutulan “Playbook”un təqdim olunacağı gözlənilir.

 

Sonda Tokio -2020 Yay Olimpiya Oyunlarının Əməliyyat komitəsinin məsul şəxsləri ölkələrin Olimpiya Komitələri nümayəndələrinin çoxsaylı suallarına cavab verib. Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Anar Bağırov və Marketinq Departamentinin rəhbəri Mehman Kərimov təqdimatda iştirak edib.