Xəbərlər

Paralimpiyaçılarımız tarix yazdı

04 sentyabr 2021 1081

Azərbaycan komandası sentyabrın 4-də Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirakını başa vurub. Komandamız yarışda 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanıb.

 

Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

 

Raman Saleh Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 m məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 m məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub.

 

Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən paraatletimiz Həmid Heydəri qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 m məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

XVI Yay Paralimpiya Oyunlarına sentyabrın 5-də yekun vurulacaq.