Xəbərlər

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində Avropa Gənclər Olimpiya Festivalının 100 günə həsr olunmuş tədbir keçirildi.

12 aprel 2019 584

12 aprel 2019-cu il tarixində Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində A.Hüseynzadə adına 20 sayli orta məktəb-liseydə “Avropa Gənclər Olimpiya Festivalına 100 gün qalır” adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, Gənclər və Idman nazirini müavini Fərhad Hacıyev, Olimpiya Çempionları Zemfira Meftəhətdinova, Namiq Abdullayev, Nazim Huseynov və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının nümayəndləri, 20 nömrəli məktəb-liseyin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbirdə İspaniya Krallığının mədəniyyəti, mətbəxi nümayiş etdirib, milli rəqslər və mahnılar təqdim olunub. Həmçinin, Avropa Gənclər Olimpiya Festivalının gimnastika, guləş, boks kimi idman növləri üzrə master klass keçirilib. Kapuero, şən startlar və futbol oyunu tamaşaçılara təqdim olunub.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi təşkilatçılığı, Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, həmçinin Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməkliyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı haqqında:

• Proqram çərçivəsində Bakı şəhərindən seçilmiş 49 məktəb Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək bir Avropa ölkəsini təmsil edir.

• Seçilmiş məktəblər təmsil etdikləri ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanını Azərbaycanda, Azərbaycanı isə qardaşlaşmış məktəblər və digər vasitələrlə Avropada təbliğ edirlər.

• Proqramın uğurlu icrası və məktəblər arasında kommunikasiya işini təmin etmək üçün www.ocep2019.azvə @OCEP2019 adlı İnternet, həmçinin sosial media səhifələri yaradılmışdır.

• “Olimpiya Mədəniyyət və İdman Şəhərciyi” proqramın yekun tədbiri olaraq Olimpiya Kəndində yaradılması nəzərdə tutulmuşdur. Şəhərcikdə quraşdırılacaq çadır/guşənin hər biri bir Avropa ölkəsini təmsil edəcək və qardaşlaşmış məktəblərin təşkilatçılığı ilə dekorasiya olunacaqdır. Beləliklə, Festival iştirakçıları, xüsusilə gənc idmançılar, o cümlədən Olimpiya Kəndinə səfər edən qonaqlar Avropa ölkələrinin mədəniyyəti, tarixi, incəsənəti və idmanı ilə eyni vaxtda və eyni məkanda tanış ola biləcəklər.

• Proqramın icrasında Avropa ölkələrinin Olimpiya Komitələrinin köməkliyi ilə seçilmiş məktəblərdən əlavə Gənc Səfirlər də iştirak edəcəklər. Bütün bu vasitələr üzv ölkələrinin gəncləri arasında və onların vasittəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını daha effektiv və yaradıcı formada təşviq etməyə imkan verir.

Avropa Gənclər Olimpiya Festivalı haqqında:

• Festival 20-28 iyul 2019-cu il tarixində keçiriləcək, açılış mərasimi 21 iyul bağlanış mərasimi isə 28 iyulda olacaqdır.

• Ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir.

• Festival 10 idman növü üzrə keçiriəcəkdir: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş.

• 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcəkdir.