Xəbərlər

“Olimpiya dünyası” ölkəmizdə idmanın və Olimpiya hərəkatının təbliğində uğurla fəaliyyət göstərir”

24 noyabr 2021 902

Murad Fərzəliyev: “Olimpiya dünyası” ölkəmizdə idmanın və Olimpiya hərəkatının təbliğində uğurla fəaliyyət göstərir” - MÜSAHİBƏ
 “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevin qəzetin 20 illik yubileyi ilə bağlı apasport.az saytına müsahibəsi 
- 20 illik fəaliyyətinizi necə dəyərləndirərdiniz?
- Hər bir mətbuat orqanı oxuculara lazımi informasiyaları verməyə, eyni zamanda çoxsaylı oxucular qarşısında özünün müəyyən olunmuş funksiyasını yerinə yetirməyə çalışır. Hesab edirəm ki, “Olimpiya dünyası” qəzeti 20 il ərzində ölkəmizdə idmanın və Olimpiya hərəkatının təbliği sahəsində kifayət qədər məqsədyönlü və səmərəli fəaliyyət göstərə bilib. İdman və Olimpiya hərəkatı ilə bağlı həm ölkəmizdə, həm də dünyada baş verən hadisələri, yenilikləri oxucularımıza mükəmməl və operativ operativ olaraq, çatdırmağa çalışmışıq. “Olimpiya dünyası” qəzeti ölkəmizdə idmanın və Olimpiya hərəkatının təbliğində uğurla fəaliyyət göstərir. Bu qəzetin  20 illik fəaliyyətinin ən doğru qiymətini isə təbii ki, oxucular verə bilər.  
- “Olimpiya dünyası”nı digər qəzetlərdən fərqləndirən özəllik nədir?
- Qəzetimizi digər idman nəşrlərindən fərqləndirən başlıca xüsusiyyətlərdən biri həm Olimpiya, həm də qeyri-olimpiya idman növlərinə eyni diqqətlə yanaşmasıdır. Qəzet öz səhifələrində həm ölkəmizdə, həm də dünyada idmanla bağlı baş verən baş verən bütün informasiyalara mümkün qədər yer ayırır. “Olimpiya dünyası”nı digər idman nəşrlərindən fərqləndirən digər cəhətlərdən biri də, bu qəzetin idman jurnalistlərinin yertişməsində məktəb rolunu oynamasıdır. Bu günə qədər redaksiyamızda 40-a yaxın idman jurnalisti yetişib ki, onlar da müxtəlif saytlarda, nəşrlərdə uğurla fəaliyyət göstərirlər. “Olimpiya dünyası” informasiya vermək funksiyası ilə yanaşı, eyni zamanda müxtəlif idman tədbirlərinin təşkilatçısı da olub. Qəzet karate üzrə Gəncə Kuboku beynəlxalq yarışı, jurnalistlər arasında futzal turniri, orta məktəb şagirdləri arasında “İdman və Olimpiya hərəkatı məktəblilərin gözü ilə” adlı inşa yazıları müsabiqəsi keçirib. Cəzaçəkmə müəssisələrində məhbuslar arasında coxsaylı idman yarışları təşkil olunub. Bu yarışlarda Olimpiya çempionları, tanınmış idmançılar, idman mütəxəssisləri iştirak ediblər. “Olimpiya dünyası” 20 illik fəaliyyəti dövründə Olimpiya Oyunları, atletlərimizin bu Oyunlardakı yarışları və nəticələri barədə oxuculara birbaşa ətraflı məlumatlar verib.        
- Qəzet başqa nə kimi layihələrdə iştirak edib?
- Milli Olimpiya Komitəsinin və Ədalətli Oyunlar Komissiyasının keçirdiyi bütün layihələrdə yaxından iştirak etmişik. İdmanın və Olimpiya hərəkatının təbliği ilə yanaşı, bu sahəyə bağlı olan digər sahələr üzrə layihələrdə də yer almışıq. Məsələn, mədəniyyət və incəsənət sahəsi ilə bağlı müəyyən tədbirlərin təşkilatçısı olmuşuq. Bu günə qədər I və II Bakı Beynəlxalq Karikatura müsabiqəsini keçirmişik. Həmin müsabiqədə dünyanın 70 ölkəsindən 200-ə yaxın rəssam iştirak edib. Onlar bu tədbirə 500-ə yaxın idman mövzusunda karikatura göndəriblər. Həmin karikaturalar redaksiyanın arxivində saxlanılır. Bu müsabiqədə ilk 3 yeri tutan rəssamlar həm mükafata, həm də diploma layiq görülüblər. Onların əsərlərinin sərgisi keçirilib. “Olimpiya dünyası” qəzeti olaraq bu yaxınlarda MOK-un Ədalətli Oyunlar Komissiyası ilə birlikdə orta məktəb şagirdləri arasında idman mövzusunda rəsm müsabiqəsi də keçirdik. Bundan sonra da idmanla bağlı layihələrdə fəaliyyətimizi davam etdirəcəyik. 
- Bu illər ərzində ən böyük qazancınız nə olub?
- Ən böyük qazancımız idman və Olimpiya hərəkatında 20 il ərzində baş verənləri Azərbaycanın idman tarixinin yaddaşına köçürmək olub. Çalışmışıq ki, fəaliyyətimiz Azərbaycanda idmanın və Olimpiya hərəkatının şanlı tarixinin etibarlı mənbəyinə çevrilsin. Bu şanlı salnamənin idman tarixinin yaddaşına yazılmasında iştirakımızla yanaşı, “Olimpiya dünyası” qəzetinin idman jurnalistlərinin yetişməsində məktəb kimi fəaliyyət göstərməsi də ən böyük uğurlarımızdan biridir.  
- Bildiyiniz kimi, saytlar və sosial şəbəkələr qəzet oxucularını xeyli azaldıb. Belə vəziyyətdə qəzet nəşr etmək çətin deyil?
- Təbii ki, hazırkı şəraitdə qəzet nəşr etmək çətindir. Qəzet müəyyən maliyyə məsrəflərinə səbəb olur. Ancaq bu o demək deyil ki, qəzetlər sıradan çıxmalıdır. Dünyanın ən çox inkişaf etmiş ölkələrində də internet resursları var, saytlar fəaliyyət göstərir. Ancaq bununla yanaşı, gündəlik çoxtirajlı qəzetlər də nəşr olunur. Hesab edirəm ki, sosial şəbəkələrin fəallıq göstərməsi, saytların sayının çoxalması yaxşı haldır. Ancaq bu, biri digərini əvəz etməsi kimi anlaşılmamalıdır. Hər bir Kütləvi İnformasiya Vasitəsinin özünə uyğun funksiyası var. Oxucular qarşısında öz vəzifəsini peşəkarlıqla yerinə yetirən mətbuatın yaşamaq hüququ var. Bu mənada elektron KİV-lərlə yazılı mətbuatı üz-üzə qoymaq istəməzdim. Kütləvi İnformasiya Vasitələri öz funksiyalarını hansı səviyyədə yerinə yetirir, bunun qiymətini oxucular verir. Bu gün həftəlik nəşr olunan “Olimpiya dünyası” qəzetinin hər sayı 4100 tirajla çıxır və kifayət qədər oxucusu var. 
- Futbolla yanaşı, səhifələrinizdə digər idman növlərinə də geniş yer ayırırsınız. İdmançılarımızın nəticələri sizə ürəyiniz istəyən məqalələri hazırlamağa imkan verir?
- Azərbaycanda idman və Olimpiya hərəkatı sahəsindəki son illərdəki böyük uğurları hər bir jurnalistə istədiyi məqaləni yazmağa imkan verir. İdmançılarımızın da çox böyük uğurları var. Ona görə də hesab edirəm ki, idman hadisələri və idmançılarla bağlı məqalələri yazmaqla bağlı heç bir çətinlik yoxdur. 
- İşin gedişində nə kimi maraqlı hadisələrlə qarşılaşmısınız?
- Jurnalist sənəti çox maraqlı sahədir. Hər bir jurnalist adi iş günündə bəzən bir neçə şəxslə, müxtəlif sənət sahibləri ilə təmasda olur, maraqlı hadisələrlə üzləşir. İdman hadisəsi bizim hər birimizin gözləri qarşısında baş verən müəyyən məqamlarla yadda qalır. Bizim üzləşdiyimiz maraqlı hadisələr içində daha çox yadımızda qalanlar Olimpiya Oyunlarını izləyən zaman orada baş verən pərdəarxası hadisələrdir. Onları da vaxtlı-vaxtında oxucularımıza çatdırmışıq. Məsələn, Azərbaycan idmançısının çempion olan zaman keçirdiyi duyğularının, həmin an doğmaları ilə telefonla təmaslarının, idman rəsmilərinin onları təbrik edərkən yadda qalan çox maraqlı anların və digər baş verən yaddaqalan məqamların canlı şahidi olmaq unudulmayan hadisələrdir.

Istinad: apasport.az