Xəbərlər

Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qazetinin 22 yaşı tamam olur

27 noyabr 2023 201

Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qazetininin ilk sayı 2001-ci il noyabrın 27-də işıq üzü görüb. İlk gündən “Olimpiya dünyası” ölkə idmanının, Olimpiya Hərəkatının və Olimpiya ideallarının təbliğini özünün başlıca vəzifəsi hesab edir. 


Bu illər ərzində sevilən nəşirlərdən birinə çevrilən “Olimpiya dünyası” qazeti 22 ildir ki, dünyada və ölkədə baş verən mühüm idman hadisələrini, atletlərimizin uğurlarını operativ şəkildə işıqlandırır. Hazırda qazet həftədə bir dəfə 4100 tirajla çap edilir və geniş oxucu kütləsinə malikdir.


“Olimpiya dünyası” qazeti idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, ölkədaxili və beynəlxalq idman tədbirlərinin, müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. 


MOK-un rəsmi qazetinin fəaliyyəti dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qazetin iki əməkdaşı “Azərbaycan Respublikasının Əməkdar jurnalisti”, üç əməkdaşı da “Tərəqqi” medalına layiq görülüb.

Beynəlxalq mətbuatın da diqqət mərkəzində olan “Olimpiya dünyası” İspaniyada “Nüfuz və keyfiyyətə görə-Aktualidad-XXI” adlı beynəlxalq mükafata layiq görülüb. 

Qazet Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının “ Ədalətli idman təbliğatçısı” nominasiyasının qalibi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən dəfələrlə “İlin ən yaxşı idman nəşri nominasiyasına və digər önəmli uğurlara imza atıb.


Ötən illər ərzində “Olimpiya dünyası” qazeti idman jurnalistikasının məktəbi kimi də uğurla fəaliyyət göstərib. Qazetdə 40 nəfərə yaxın gənc idman jurnalisti yetişib və hazırda onlar müxtəlif KİV-lərində idman jurnalisti kimi çalışırlar. “Olimpiya dünyası” gənc idman jurnalistləri yetişdirmək üçün fəaliyyətini davam etdirir. 


Başda qazetin baş redaktoru, əməkdar jurnalist Murad Fərzəliyev olmaqla, bütün kollektivi səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.