Hidayət Heydərov Paris-2024-də Azərbaycana ilk qızıl medalı qazandırdı
29 iyul 2024 2753

Azərbaycan Olimpiya Komandası Paris-2024 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
Bu uğura cüdo yarışlarının üçüncü günündə tatami üzərinə çıxan dünya və Avropa çempionumuz Hidayət Heydərov (-73 kq) nail olub. Mübarizəyə 1/8 final mərhələsindən başlayan cüdoçumuzun ilk rəqibi Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı israilli Tohar Bitbul olub. Görüşü qələbə ilə başa vuran təmsilçimiz 1/4 finala vəsiqə qazanıb. Cüdo yığmamızın lideri növbəti mərhələlərdə kanadalı Artur Margelidon və kosovalı Akil Qyakova qalib gələrək finala vəsiqə əldə edib.
Həlledici mərhələdə cüdoçumuzun rəqibi fransalı Con Benjamin Qaba olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə qalib gələn Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında komandamıza qızıl medal qazandırıb.
Bu, Azərbaycanın müstəqillik qazandıqdan sonra Olimpiya Oyunlarında əldə etdiyi 50-ci medalı olub. Azərbaycan komandası bu Oyunlarda ümumilikdə müxtəlif idman növləri üzrə 49 (7 qızıl, 14 gümüş, 28 bürünc) medal qazanıb.
Cüdo yarışlarını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev və nazir müavini Mariana Vasileva da izləyib.
Avqustun 2-dək davam edəcək Paris-2024-ün cüdo yarışlarında Azərbaycan komandasının daha dörd idmançısı tatami üzərinə çıxacaq.
Bənzər xəbərlər

Azərkosmos və AMADA-nın tərəfdaşlığı əsasında təlim keçirilib
Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ... Ətraflı

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunub
Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbəti konqresi ... Ətraflı