Xəbərlər

Əliabbas Rzazadə: “Parisdə bütün suallara birdəfəlik cavab vermək istəyirəm”

16 aprel 2024 250

Bu yaxınlarda Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri sərbəst güləş üzrə yığma komandamız üçün uğurla yadda qalıb. Milli Gimnastika Arenasında keçirilən yarışda komandamızın 5 üzvünün hər biri ölkəmizi Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında təmsil etmək hüququ qazanıb. Pəhləvanlarımız dünya çempionatı və Avropa Olimpiya Təsnifat turnirindən sonra Paris-2024-ə 8 lisenziya əldə ediblər. Sərbəst güləş üzrə millimiz bütün çəki dərəcələrində olimpiadaya lisenziyanı təmin edən iki ölkədən biridir. Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ölkəmizə ilk lisenziyanı yarışların üçüncü günündə xalça üzərinə çıxan Əliabbas Rzazadə (57 kq) qazandırıb. Parisdə ölkəmizi təmsil edəcək Avropa çempionumuzla həmsöhbət olduq. Güləşçimizlə Bakıda keçirilən lisenziya yarışı və Olimpiya Oyunlarına hazırlıq mərhələsi barədə söhbət etdik.

 

- Əliabbas, istərdik ki, söhbətimizə Avropa Olimpiya Təsnifat turnirindəki uğurlu çıxışınla başlayaq. Sənə qədər ilk iki gündə komandamız uğursuz çıxışı ilə yadda qalmışdı. Üçüncü yarış günündə finala yüksəlməklə sanki sərbəst güləş yığmamıza inam verdin.

- Turnirdə italiyalı Simone Piroddunu, türkiyəli Süleyman Atlını, həlledici görüşdə isə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu məğlub etdim. Avropa Olimpiya Təsnifat turnirində ilk lisenziyanı qazandığım üçün çox xoşbəxtəm. Buna qədər isə qeyd etdiyiniz kimi, yunan-Roma və qadın güləşçilərimiz lisenziya qazana bilməmişdilər. Bu baxımdan üzərimdə böyük məsuliyyət var idi. Bunu yaxşı başa düşürdüm. Qazandığım qələbə məndən sonra yarımfinal görüşünə çıxan digər güləşçilərimiz üçün də bir stimul oldu. Çox şükür, sərbəst güləş üzrə komandamız Olimpiya Oyunlarına lisenziyanı tam təmin etdi və İstanbulda keçiriləcək dünya təsnifat turnirinə ehtiyac qalmadı.

 

- Çıxışının müsbət və mənfi tərəflərini necə xarakterizə edərdin?

- Yarışa çox gözəl hazırlaşmışdıq. Federasiyamız bizi demək olar ki, hər bir şəraitlə təmin etmişdi. Dietoloqumuz, psixoloqumuz, həkimimiz və bizi yarışlara yaxşı hazırlaşdıran güclü məşqçilərdən ibarət heyətimiz var idi. Bizə isə sadəcə, güləşmək lazım idi ki, bunu da bacardıq. Düşünürəm ki, layiqli çıxışımla ümidləri doğruldaraq, Paris Olimpiadasına lisenziya qazandım. Olimpiadaya qədər digər səhvlərimi də aradan qaldırmağa çalışacağam.

 

- Şimali Makedoniya təmsilçisinə 2022-ci ildə Budapeştdə keçirilən Avropa çempionatının finalında uduzmuşdun. Bu dəfə isə həm lisenziya, həm də revanş götürdün.

- 2022-ci ildə Budapeştdəki yarışın finalında Vladimir Yeqorova məğlub olmuşdum. Bu görüşdən sonra həmin idmançı ən çox qarşılaşmaq istədiyim rəqiblərdən biri idi. İki il idi ki, bu anı səbirsizliklə gözləyirdim, revanş götürərək onun məndən güclü olmadığını sübut etmək istəyirdim. Qeyd edim ki, həmin finalda hakim ədalətsizliyi ilə üzləşmişdim. Hakimlər tuşe xalımı vermədilər. Bundan başqa qazandığım digər iki xalı da saymadılar. Bakıdakı yarışda isə doğma azarkeşlərin önündə ondan güclü olduğumu sübut etdim. Onun hazırkı forması iki il əvvəlki Avropa çempionatından qat-qat üstün idi. Lakin mən də öz güləş üslubumu daha da təkmilləşdirmişəm. Ona qarşı necə güləşmək lazım olduğumu bilirəm. Məşqçilərimlə hər bir rəqibin hazırlıq səviyyəsi üzərində ayrı-ayrılıqda çalışmışdım. Turnirdə rəqiblərim də güclü idi. İlk rəqibim olan italiyalı güləşçi dəfələrlə yeniyetmə və gənclər arasında Avropa çempionatının qalibi olub. Türkiyəli Süleyman Atlı iki dəfə Olimpiya Oyunlarının iştirakçısı olmaqla yanaşı, Avropa çempionu və dünya mükafatçısıdır. Süleyman Atlını da Avropa çempionatının finalında məğlub etmişdim. Düzdür, sonradan bəzi şəxslər qələbəmə kölgə salmaq istəyirdilər, bəxtimin gətirdiyini deyirdilər. Lakin Bakıda onu ikinci dəfə məğlub etməklə, bir daha sübut etdim ki, mən ondan daha güclüyəm.

 

- Sən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin üzvüsən. Bu, həm də təmsil olunduğun idman cəmiyyəti üçün böyük uğurdur.

-Yarışdan sonra “Zenit” İdman Cəmiyyətinin sədri Fazil müəllimlə danışmışam. O, qazandığm qələbəyə görə təbrik edərək, bu nəticəni böyük uğur kimi dəyərləndirib. Bu yolda mənimlə bir yerdə olan Azərbaycan Güləş Federasiyasının, “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyətinin rəhbərliyinə və bütün məşqçilərimə minnətdarlığımı bildirirəm.

 

- Hazırda Olimpiya Oyunlarına qədər əsas planların nədən ibarətdir?

- Artıq istirahətim başa çatıb və Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edirik. Yarışa daha da ciddi hazırlaşmaq lazımdır. Bundan başqa Azərbaycanda və ölkə xaricində bir neçə təlim-məşq toplanışlarında iştirak edəcəyik. Məşqçilərimin tapşırıqlarına əsasən öz döyüş üslubumu quracağam. Komandamızın məşqçiləri dəfələrlə Olimpiya Oyunlarında iştirak ediblər və zəngin təcrübələri var. Mənim də bu gün onların təcrübələrinə ehtiyacım var. Olimpiya Oyunlarına necə hazırlaşmaq lazım olduğunu istər, Cəbrayıl, istər Xetaq, istərsə də Şərif müəllimdən öyrənəcəyəm. Əsas məqsədim Olimpiya Oyunlarının qalibi olmaqdır. Bütün bacarığımı ortaya qoyacağam ki, ölkəmizə qızıl medalla qayıdım.

 

- Olimpiadada əsas rəqiblərin kimlərdir?

- Parisə yollanacaq 16 rəqibin hər biri güclü idmançıdır. Düzdür, hələ çıxış edəcəyim çəkidə bir neçə lisenziya qazanan idmançının adı müəyyənləşməyib. Lakin təxminən bunların hansı idmançı olacağını bilirəm. Orada son Olimpiya və ikiqat dünya çempionu Zaur Ugiyev var. Bundan başqa dünya çempionları rusiyalı Zəlimxan Abakarov, serbiyalı Stefan Miçiç, erməni idmançısı Arsen Harutyunyana qarşı da çox ciddi hazırlaşmalıyam. Olimpiya medalını qazanmaq istəyirəmsə, bu idmançılara mütləq qalib gəlməliyəm. Bilirəm ki, məni Parisdə güclü idmançılar gözləyir. Lakin mən də özümü zəif idmançı hesab etmirəm. Əgər çempion olmaq istəyirəmsə ilk növbədə özümə inanmalıyam. Fikrimcə, bir idmançı özünə güvənmirsə, heç kəs ondan yüksək nəticə gözləməz. Hər bir yarışda iştirak edəndə ilk növbədə özümü psixoloji baxımdan hazırlayıram. Özüm haqda hər zaman yüksək fikirdə oluram. Mən Avropa çempionuyam, niyə görə Olimpiya çempionu olmayım? Olimpiya çempionu olanlar heç bir cəhətdə məndən üstün deyil. Heç bir rəqibimdən çəkinmirəm. Sona qədər döyüşəcəyəm ki, qızıl medal mənim olsun. Bir məsələni də qeyd edim ki, istər Dünya Güləş Birliyinə, istərsə də yerli KİV nümayəndələrinə müsahibə verəndə mənim müsahibələrimi rəqiblərim də tərcümə edirlər. Demək olar ki, mən də onları bu qayda üzrə izləyirəm. Sevinirəm ki, onlar da məni güclü rəqib hesab edir, güləş üslubumu təhlil etməyə çalışırlar. Bu gün mən özümə güvənməsəm, onlara özlərinə inam hissi vermiş olaram. Bunun üçün də heç vaxt rəqiblərimə belə bir şərait yaratmaram. İstərdim Oyunlarda rusiyalı idmançılar da iştirak etsinlər. Çünki sonra Olimpiya çempionu olanda heç kim deməsin ki, ruslar olmadığına görə çempion oldun. İstəyirəm ki, bu titula yiyələnirəmsə, ən güclüləri məğlub edərək qalib olum. Heç kimin ağlında sual qalmasın. Parisdə bütün suallara birdəfəlik cavab vermək istəyirəm. Bunun üçün bu yolun ən çətin mərhələsindən belə keçməyə hazıram.

 

- Bildiyimizə görə, Paris-2024-dən sonra çəkini dəyişmək istəyirsən. Yəqin ki, Hacı Əliyevin çıxış etdiyi 65 kq çəki dərəcəsində qüvvəni sınamağı düşünürsən?

- Olimpiya Oyunlarından sonra ehtimal olunur ki, güləşdə idman çəkiləri dəyişilsin. Hazırda yarışlarda iştirak etmək üçün tez-tez çəki salmaq məcburiyyətində qalıram. Bunun üçün də olimpiadadan sonra çəkimi dəyişməyi düşünürəm. Bildiyiniz kimi, 61 kq qeyri-Olimpiya çəki dərəcəsidir. Yəqin ki, bunun üçün də 65 kq çəki dərəcəsini seçəcəyəm. Olimpiadadan sonra məşqçilərimin də məsləhəti ilə son qərarımı verəcəyəm.