Xəbərlər

Elçin Əsədov V İslam Həmrəyliyi Oyunlarında 7-ci oldu

13 avqust 2022 190

Avqustun 13-də Azərbaycan velosipedçiləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında şose velosipedinin qrup ötüşməsi növü üzrə yarışlara qatılıblar. Elit/U23 yığma komandamızın üzvlərindən kişilər arasında yarışda Elçin Əsədov, Musa Mikayılzadə, Elgün Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov, qadınların mübarizəsində isə Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova iştirak ediblər.

Dutlukır ərazisində baş tutan yarışda kişilər 130 km, qadınlar isə 90 km məsafə qət ediblər.

Milli komandamızın kapitanı E.Əsədov əsas pelotondan ayrılaraq finişə liderlər qrupunda çatıb. O, yarışı birincilik qazanan idmançıdan cüzi fərqlə bitirib. Nəticələrə əsasən, velosipedçimiz 7-ci olub (2:58.08). 

Digər kişi velosipedçilərimizdən M.Mikayılzadə (3:03.53) 27-ci, E.Əlizadə (3:03.53) 28-ci, Ş.Eyvazov (3:03.53) 33-cü, Ə.Qurbanov (3:09.28) 45-ci, qadın idmançılarımızdan isə V.Sidorenko (2:44.43) 13-cü, L.Əbdürəhmanova (2:49.14) 17-ci yerdə qərarlaşıblar.
N.Bağırov isə yarışı tamamlaya bilməyib.

Bununla da velosipedçilərimiz V İslam Həmrəyliyi Oyunlarında bütün çıxışlarını başa vurublar.

Qeyd edək ki, avqustun 9-da rəsmi açılışı olan Oyunlarda baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qəhrəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak ediblər.
Velosipedçilərimiz həm trek, həm də şose növlərində mübarizə aparıblar.

56 ölkədən 4200 idmançının qatıldığı V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi avqustun 18-də baş tutacaq.