Xəbərlər

Cüdo uşaqlar üçün

07 noyabr 2022 661

Bakı Böyük Dəbilqə turniri həyəcanlı və emosional məqamlar ilə dolu idi. İdmançılarımızın möhtəşəm çıxışları azarkeşlərin onlara göstərdiyi dəstək,  həyəcan və coşqu altında keçirdi. Azarkeşlərin içində çox sayda uşaqlar var idi və onlar möhtəşəm performanslar gözləyirdirlər.

Böyük Dəbilqə turnirinin 3-cü günündə Heydər Əliyev adına idman sarayında, final bloku ərəfəsində idmançıların tunelindən iki cüdoçu çıxdı. Onlardan biri Azərbaycanlı sarı kəmər sahibi səkkiz yaşlı Məhəmməd Şahverdili, digəri isə dünya çempionu və Olimpiya mükafatçısı Səid Mollayi idi. Cüdoçular xüsusi hazırlanmış “#JudoKids finalı” üçün tatamiyə çıxdılar. 

Olimpiya çempionu Elnur Məmmədli səkkiz yaşlı Məhəmmədi, Olimpiya və ikiqat dünya mükafatçısı Mövlud Mirəliyev isə Səidi müşayiət edirdi. Kütlə bu səhnəni böyük izdihamla qarşıladı. Bəlkə də, onların arasında bu səhnədən ilhamlanan gələcəyin çempionları da var idi. 

Görüşü Beynəlxalq Cüdo Federasiyasının hakimi İona Babiuk idarə edirdi. Mübarizənin əvvəlində  Mollayi təzyiq altında qalaraq yerə yıxıldı və erkən “şido” aldı. Olimpiya və dünya mükafatçısı Mollayi əsəbi görsənirdi. Şahverdilinin daha çox soldan hücum etməsi Mollainin vəziyyətini çətinləşdirdi. Səid düzgün tutuşu tutmaq üçün mübarizə aparırdı. Şahverdilinin etdiyi güclü sol “o-goshi” nəticəsində Mollayi arxası üstə yerə endi və Məhəmməd “ippon”-la qalib gəldi. 

Azarkeşlərin dəstəyi altında Şahverdili məşqçisi Elnur Məmmədlinin qucağına atıldı. Onlar qızıl medal əldə edəndən sonra əl-ələ arenanı tərk etdilər. Yarışdan sonra görüşü idarə edən hakim bildirdi ki, mübarizə çox maraqlı keçdi və sevindirici haldır ki, bizim Məhəmməd kimi gələcəyimiz var.

“Mən Elnur Məmmədlini həmişə tanımışam və bu gün hamının qarşısında o mənim məşqçim oldu. Çox xoşbəxtəm və bugün həyatımın ən qürurlu gününüdür. İndi özümə daha çox inanıram”, - Məhəmməd Şahverdili BCF-in saytına verdiyi müsahibəsində bildirib. 

Cüdonun bu cür təbliğ olunması vacibdir, çünki cüdo hamı üçündür! 
Qeyd edək ki, layihə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə həyata keçirilmişdir.